“Ermənistanın Bakıdakı Olimpiadada olmasına çalışacağıq”-MÜSAHİBƏ
09 sentyabr 2012 07:09 (UTC +04:00)

“Ermənistanın Bakıdakı Olimpiadada olmasına çalışacağıq”-MÜSAHİBƏ

2016-cı il Şahmat Olimpiadasına Bakı şəhərinin ev sahibliyinin edəcəyi təsdiqləndikdən sonra gənclər və idman naziri Azad Rəhimov Lent.az-ın Türkiyəyə ezam olunmuş əməkdaşına müsahibə verib:

- Öncə bu qələbə münasibətilə hamını təbrik edirəm. Özünüz də gördünüz ki, Bakı şəhərinin namizədliyi ilə bağlı suallar həddən artıq çox oldu. Qonşu ölkə - Ermənistan tərəfinin verdiyi suallar, həmişəki kimi, həqiqətə uyğun deyildi. Çoxlu müzakirələr aparıldı. İlk növbədə, FİDE Konqresinin nümayəndələrinə öz minnətdarlığımı bildirmək istərdim. Çünki onlar həqiqətən də gördülər ki, Azərbaycan Şahmat Olimpiadası təşkil etməyə layiqdir, buna hazırdır, ölkəmiz bu mötəbər yarışı yüksək səviyyədə keçirə bilər. Buna inanırdılar. Necə ki, bütün dünya Azərbaycana inanır. Bütün dünya Azərbaycanı BMT Təhlükəsizlik Şurasına sədr seçib. 155 ölkə bizə səs verib. Yəni, biz qələbələrlə addımlayırıq. Hər bir anda, hər bir yeni gündə qazanılan yeni-yeni qələbələr, sözsüz ki, bizi çox sevindirir. İnanırıq ki, 2016-cı ildə Şahmat Olimpiadası Azərbaycanda çox yüksək səviyyədə keçiriləcək.

- Ermənistan tərəfi Azərbaycana gəlməyəcəyini bildirdi. Buna münasibətiniz necədir?

- Biz hər bir imkandan istifadə edərək çalışacağıq ki, Ermənistan yığması Azərbaycanda keçiriləcək Olimpiadada olsun. Dövlətimiz, cənab prezidentimiz tərəfindən hər bir zəmanət, təminat verilib. Təhlükəsizliklə bağlı bütün məsələlər həll olunacaq. Çox istərdik ki, güclü komandalardan olan Ermənistan yığması Olimpiadada iştirak etsin.

- Təşkilat Komitəsində Ermənistan təmsilçisinin də yer alması təklifinə necə yanaşırsınız?

- Bu, FİDE-nin təklifidir. Belə təklif varsa, biz “yox” deyə bilmərik. Ermənistan Təşkilat Komitəsində təmsil oluna bilər. Niyə də olmasın? Burada elə bir problem, ziddiyyət görmürəm.

- Ermənistan Şahmat Federasiyasının prezidenti ölkə rəhbəri Serj Sərkisyandır. Bu amil erməni şahmatçıların Bakıda keçiriləcək Olimpiadaya gəlişinə problem yarada bilər?

- Hər halda, konqresdəki çıxışı zamanı FİDE prezidenti Kirsan İllümjinov da birmənalı olaraq, Ermənistan prezidenti ilə söhbət apardığını və Sərkisyan tərəfindən buna qarşı fəal mövqe olmadığını dedi.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2780

Oxşar yazılar