Daha bir ilk: 2016-cı il Şahmat Olimpiadası Bakıda keçiriləcək!
08 sentyabr 2012 20:48 (UTC +04:00)

Daha bir ilk: 2016-cı il Şahmat Olimpiadası Bakıda keçiriləcək!

Bakı-APA. 2016-cı il Şahmat Olimpiadası Bakıda keçiriləcək. Bu barədə qərar Beynəlxalq Şahmat Federasiyasının Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunub.

lent.az-ın bu tarixi anlara şahidlik edən əməkdaşının İstanbuldan verdiyi xəbərə görə, tədbirdə olimpiadanın Bakıda keçirilməsi ilə bağlı təklif səsləndirilib və Azərbaycanın namizədliyi irəli sürülüb.

Lakin tədbirdə iştirak edən Ermənistan tərəfi olimpiadanın ölkəmizdə təşkilinin müzakirə olunmasına mane olmağa çalışıb.

Ermənistan Şahmat Akademiyasının direktoru Ermənistan – Azərbaycan münaqişəsinin davam etdiyi müddətdə olimpiadanın Bakıda keçirilməməsini təklif edib. Lakin Türkiyə Şahmat Federasiyasının prezidenti Ali Nihat Yazıçı öncə Bakı şəhərinin təqdimatının nümayişini, sonra isə Ermənistan tərəfinin təklifinin səsə qoyulmasının məqsədəuyğunluğunu deyib. Bakının təklifinin dəyərləndirilməsi səsvermə ilə qərara alınıb.

Azərbaycan Gənclər Fondunun sədri Fərhad Hacıyev Bakıda son illər baş verən yeniliklərdən söhbət açıb. O, paytaxtın imkanlarından danışıb, şəhərin əvvəllər müxtəlif idman növləri, o cümlədən, şahmat üzrə nüfuzlu yarışlara ev sahibliyi etdiyini xatırladıb. Hacıyev olimpiadanı “Baku Crystal Hall”da keçirmək istədiklərini, iştirakçıların isə ən yüksək səviyyəli otellərdə qalacaqlarını açıqlayıb. Ardından Bakının imkanlarından bəhs edən təqdimat xarakterli film təqdim olunub.

Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov 2015-ci il Dünya Kuboku və 2016-cı il Olimpiadası uğrunda mübarizədə Bakının imkanlarından danışıb. O, Azərbaycanda şahmatın kütləviliyi və inkişafı istiqamətində dövlət səviyyəsində aparılan işləri sadalayıb. Ermənistan tərəfinin etirazına toxunan nazir indiyədək ölkəmizdə keçirilmiş güləş üzrə 2007-ci il dünya çempionatında Ermənistan və digər ölkələrin yığmalarının tərkibində üst-üstə 51 erməni idmançının iştirak etdiyini və onların təhlükəsizliyinin tam təmin olunduğunu deyib. O, boks üzrə dünya çempionatında Rusiya yığmasının üzvü olan erməninin qızıl medal qazandığını söyləyib. Nazir bildirib ki, olimpiada Bakıda keçirilsə, təşkilatçılığın ən yüksək səviyyədə olacağına dövlət səviyyəsində təminat veriləcək.

A. Rəhimovdan olimpiadanı keçirməyə Azərbaycanın büdcəsinin lazımi səviyyədə olub-olmadığı soruşulub. Nazir cavabında lazımi büdcənin və sponsor dəstəyinin olduğunu vurğulayıb: “Bu il keçirdiyimiz “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsində 10 milyon avroya təminat vermişdik. Şahmat Olimpiadası üçün 1 milyon avronu ödəmə təminatında heç bir problemimiz yoxdur”.

Afrika Şahmat Federasiyasının nümayəndəsi qara qitədən gələn ölkələrə vizanın necə veriləcəyini soruşub. Nazir “Eurovision”da bütün qonaqlara vizanın hava limanında verildiyini xatırladıb. Eyni zamanda internet vasitəsilə də təsdiq məktubu alınacağını deyib. Qonaqların harada qalacaqlarına dair suala isə nazir belə cavab verib: “2017-ci ildə İslam Olimpiya Oyunları keçirəcəyik. Bu məqsədlə Olimpiya şəhərciyinin tikilməsinə başlamışıq. Qonaqlar orada da qala bilərlər”.

Erməni şahmatçılarına vizanın verilməsinin necə olacağı da nazirdən soruşulub. Nazir FİDE-nin bütün iştirakçılar üçün verdiyi təminatların ermənilərə də şamil olunacağını deyib. FİDE-nin əslən erməni vitse-prezidenti Vanik Kazaryan isə buna inanmadığını və heç bir erməninin Bakıya gəlməyəcəyini açıqlayıb. Ermənistan Şahmat Federasiyasının nümayəndəsi isə son 20 ildə heç bir erməninin Bakıya getmədiyini və heç bir azərbaycanlının İrəvana getmədiyini söyləyib. O, Azərbaycanın təminatına inanmadığını deyib. Azad Rəhimov isə güləş və boks üzrə dünya çempionatlarında Ermənistanın təmsil olunduğunu bir daha xatırladıb və “Siyasətin idmana qarışmasını istəməzdim. İnşallah, 2016-cı ilədək bu problem həllini tapar” deyib.

Pakistan Şahmat Federasiyasının təmsilçisi isə özlərini Ermənistan Şahmat Federasiyasına örnək göstərib: “Pakistan şahmatçıları Hindistana gedə bilirlər, siz yox? Ondansa, özünüz öz şahmatçılarınızı göndərməyə çalışın”.

Nazir erməni nümayəndə heyətinə dünya standartlarına uyğun ən yüksək səviyyədə təminat veriləcəyini açıqlayıb: “Bakıdakı bütün polislər təhlükəsizliyi qorumaq üçün yetərli olacaq. Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti ölkəmizdə səfərdə olarkən, Bakıda bazara getmək istədiyini söylədi, mən də istəyirsəniz, mən öz avtomobilimi sizə verim, gedə bilərsiniz, heç bir problem çıxmaz” söylədim. O, heç bir problem olmadan paytaxtımızı tərk etdi”.

FİDE prezidenti Kirsan İllümjinov son iki ayda Ermənistan və Azərbaycan prezidentləri ilə görüşdüyünü xatırladıb: “Bəlkə 2016-cı ilədək münaqişə yoluna qoyular və Şahmat Olimpiadası iki ölkə arasında dostluğun təməlinin qoyulmasına səbəb olar. Olimpiada Bakıda keçirilərsə, təklif edərdim ki, nümayəndə heyətində Ermənistan nümayəndəsi də olsun”.

A.Rəhimov isə milliyyətcə erməni olan bakılı Harri Kasparovla eyni universitetdə oxuduğunu və onun Ermənistan nümayəndə heyəti ilə Azərbaycan arasında bir körpü olacağına inandığını deyib.

Sonda Şahmat Olimpiadasının Bakıda keçirilməsi təklifi səsə qoyulub. Əksəriyyət təklifin lehinə səs verib. Beləliklə, Azərbaycan idmanı tarixi ərzində ölkəmizin ən nüfuzlu yarışına təşkilatçılıq edəcəyi təsdiqlənib. Bundan sonra başda FİDE prezidenti Kirsan İllümjinov olmaqla, hamı Azərbaycanın gənclər və idman nazirini təbrik edib. A.Rəhimovu təbrik edənlər arasında Vanik Kazaryan da olub.

Qeyd edək ki, Bakıda Şahmat Olimpiadasının 2016-cı ilin sentyabrında təşkili nəzərdə tutulub.

Elşən MƏMMƏDOV,
İstanbul
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2166

Oxşar yazılar