Azad Rəhimov: “Qısa müddətdə dəyişikliklər olacaq” – MÜSAHİBƏ
08 sentyabr 2012 12:02 (UTC +04:00)

Azad Rəhimov: “Qısa müddətdə dəyişikliklər olacaq” – MÜSAHİBƏ

Türkiyənin İstanbul şəhərində “Azərbaycan Günü”nə qatılan gənclər və idman naziri Azad Rəhimovun Lent.az-ın bu ölkəyə ezam olunmuş əməkdaşına müsahibəsi


- Öncə İstanbulda təşkil etdiyiniz “Azərbaycan günü” barədə fikirlərinizi bildirərdiniz...

- “Azərbaycan Günü” Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyası tərəfindən təşkil olunub. Xüsusilə qeyd etmək istərdim ki, bu tədbirə çoxlu qonaq dəvət olunub və onlar iştirak edirlər. İştirakçılar arasında Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinov başda olmaqla, FİDE Konqresinin, ayrı-ayrı milli federasiyaların nümayəndələri də var. Çox şadıq ki, onlar İstanbulda bu gözəl salonda Azərbaycanın bir gözəl guşəsini yarada biliblər. Bir sözlə, tədbirimiz çox yüksək səviyyədə alındı.

- 2016-cı il Ümumdünya Şahmat Olimpiadası uğrunda mübarizədə Bakının şanslarını necə dəyərləndirirsiniz?

- Sentyabrın 8-də Türkiyə saatı ilə saat 16:00-da təqdimat mərasiminə qatılacağıq. Bolqarıstanın Sofiya, Estoniyanın Tallin şəhərləri ilə yanaşı, Bakı da olimpiadaya namizədliyini irəli sürüb. Avropa Şahmat İttifaqının və eyni zamanda Bolqarıstan Şahmat Federasiyasının prezidenti Silvio Danailov Bakının şanslarını çox yüksək qiymətləndirib. Bu, bizi çox sevindirir. Həqiqətən də Bakıda dəfələrlə çox möhtəşəm idman yarışları keçirilib, bu sahədə böyük təcrübə toplanıb. İkinci vacib üstünlüyümüz ondadır ki, Azərbaycan həqiqətən də şahmat ölkəsidir. Hələ ulu öndərimizin dönəmindən şahmata böyük diqqət və qayğı göstərilir. Şahmat məktəbləri tikilib, indi də prezident İlham Əliyevin siyasəti ondan ibarətdir ki, bütün rayon mərkəzlərində şahmat məktəbləri tikilsin və açılsın. Ən vacib, ən öncül məsələ ondadır ki, dünyada ilk dəfə Azərbaycanda “2009 – 2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramı” qəbul olunub. Belə bir proqram digər ölkələrin heç birində yoxdur. Bu da şahmatın inkişafına böyük təkan verir. Sonuncu və çox vacib üstünlüyümüz ondadır ki, “Eurovision-2012”ni keçirməklə, nüfuzlu tədbirləri hansı səviyyədə təşkil etdiyimizi, qonaqların necə razı qaldıqlarını nümayiş etdirmişik. Məncə, bu imkanlar bizim gözəl şəhərin, gözəl təşkilatçılığımızın nümayişində bizə həqiqətən də böyük şanslar verir.


- 2012-ci il London Yay Olimpiya Oyunlarından sonra Azərbaycanın ayrı-ayrı idman növlərində hansı dəyişikliklərin edilməsi gözlənilir?

- Cənab prezidentin də qeyd etdiyi kimi, biz çox sevinirik ki, Azərbaycan London olimpiadasında çox yüksək nailiyyətlər əldə edib. Amma biz bununla da kifayətlənməməliyik. Nəticələri təhlil etməli, hansı sahələrdə boşluğun yarandığını, hansılarına diqqət yönəltməli olduğumuzu müəyyənləşdirməli, bəzi hallarda məşqçilərin qərarları, bəzi idmançılarımızın fiziki durumu ilə bağlı analizlər aparmalıyıq. Yəni, təhlil üçün material çoxdur və inanıram ki, qısa müddətdə siz dəyişikliklərdən, bizim yeni addımlarımızdan məlumatlı olacaqsınız.


- 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında olduğu kimi, yenə 3 idman növündə medal qazanıldı. Halbuki, London olimpiadasında qatıldığımız idman növlərinin sayı daha çox idi. Olimpiadanın ilk günlərində medal sayının azlığı səbəbindən sanki gərginlik müşahidə olunurdu...

- Məncə, gərginlik yox idi. Çünki medallarımızın olacağına arxayın idik. Halbuki heç kim olimpiadada heç vaxt heç nədən arxayın ola bilməz. Olimpiadada biz cüdodan medal gözləyirdik. Həqiqətən də komandamız çox güclü idi. Təəssüflər olsun ki, cüdo fəndlərindəki bəzi qadağalar və əlavələrə idmançılarımız hazır deyildilər. İlk öncə bunlar məşqçilərin işindən, təcrübədən asılıdır. Məncə, qısa müddətdə cüdoda böyük dəyişikliklər baş verəcək. Bəzi hallarda bizi nəhslik tutmuşdu. Kanoeçi Valentin Demyanenko dəfələrlə yüksək nəticələr göstərmiş Yuri Çebanı üstələdiyi halda, Londonda mübarizəyə bir gün qalmış zədələndi. Nəticədə öz imkanlarını nümayiş etdirə bilmədi və olimpiya çempionu adına Çeban layiq görüldü. Atçılıq növündə Camal Rəhimovdan yüksək nəticə gözləyirdik. Onun da özünü göstərməsini çox istərdik. Amma konkur növü çox ağırdır. Baxmayaraq ki, Rəhimov gənc olduğu halda ardıcıl ikinci olimpiadaya lisenziya qazanmışdı. Onun gələcəkdə öz imkanlarını ortaya qoyacağına inanırıq. Atletlərimiz heç də pis çıxış etmədilər. Bu növdə də perspektivlərimiz çoxdur. Ola bilsin, atletikaya daha çox diqqət yönəltmək lazımdır.

- Ayrı-ayrı növlərdə ölkəmizi təmsil etmiş legionerlərin çıxışlarını necə dəyərləndirirsiniz?

- Bəzi növlərdə hansısa formada boşluqlar yarananda müvəqqəti olaraq, legionerlər dəvət olunurlar. Amma bizdə onları artıq legioner də saymaq olmaz. Çünki Azərbaycanda yaşayırlar. Bu məsələyə belə yanaşma ilə nəzər yetirsək, dünyanın bütün ölkələrinin legionerlərdən ibarət olduğunu görərik. Həm ABŞ, həm Fransa, həm də digər ölkələri misal çəkə bilərəm. Ümumdünya Şahmat Olimpiadasına qatılan Fransa yığmasının heyətinə nəzər yetirdim, bir dənə də fransız şahmatçı oynamır. Belə çıxır ki, hamısı legionerdir? Xeyr, onların hər biri Fransa vətəndaşıdır. Eynilə dediyiniz legionerlər də Azərbaycan vətəndaşlarıdırlar.

- “Neftçi” futbol klubunun Avropa Liqasının qrup mərhələsinə yüksəlməsini necə dəyərləndirirsiniz?

- İtaliyanın “İnter”, Rusiyanın “Rubin” və Serbiyanın “Partizan” komandaları çox güclüdürlər. Amma Azərbaycan klubunun bu gün belə yüksək mərhələyə nail olması çox gözəl haldır. “Neftçi”nin gələcək çıxışından asılı olmayaraq, bunu uğur saymaq olar.

- 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsinin startında Azərbaycan yığması İsraillə 1:1 hesablı heç-heçəyə nail oldu. Bu nəticəni necə dəyərləndirirsiniz?

- Hələ oyundan öncə jurnalistlərimizdən biri məndən oyunun nəticəsinə dair proqnozumu soruşmuşdu. Mən də “Ya heç-heçə olacaq, ya da qələbəyə nail olacağıq” demişdim. Həqiqətən də elə oldu. Komandamız güclü rəqibindən xal almağı bacardı.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2821

Oxşar yazılar