Avropa Liqası: İndi qisas anıdır
23 avqust 2012 14:28 (UTC +04:00)

Avropa Liqası: İndi qisas anıdır

Avqustun 23-də “Neftçi” klubu futbol üzrə Avropa Liqasının “pley-off” mərhələsində ilk oyuna çıxacaq. Lent.az-ın məlumatına görə, rəqib Kipr APOEL-i olacaq. Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq. Oyunu polşalı baş hakim Robert Malek idarə edəcək. Ona həmyerliləri Krjiştof Mırmus və Matsey Verjbovski yan xətt hakimləri, Tomaş Vajda isə dördüncü hakim qismində yardımçı olacaq.


Çempionlar Liqasından Avropa Liqasına

Qitə miqyaslı turnirlərdə mübarizəyə “Neftçi” Çempionlar Liqasından başlayıb. II təsnifat mərhələsində Gürcüstan “Zestafoni”sini 3:0 və 2:2 hesablı nəticələrlə üstələməyi bacaran flaqman növbəti mərhələdə İsrailin “Hapoel” (Kiryat Şmona) komandasına uduzub – 0:4, 2:2. Bu səbəbdən, “ağ-qaralar” mübarizəni Avroliqanın “pley-off” mərhələsində davam etdirirlər.


APOEL isə Avroliqanın II təsnifat mərhələsindən mübarizəyə qoşulub. Kipr təmsilçisi əvvəlcə Slovakiya “Senitsa”sını 2:0, 1:0, ardından Norveç “Olesund”unu 2:1, 1:0 hesablı qələbələrlə üstələməyi bacarıb. Ötən mövsüm isə bu komanda Çempionlar Liqasında elə II təsnifat mərhələsindəcə mübarizəni dayandırmış “Neftçi”dən fərqli olaraq, ¼ finaladək irəliləməyi bacarıb. Yarımfinala gedən yolda APOEL-in qarşısını İspaniya “Real Madrid”i kəsib – 3:0, 5:2. Düzdür, Nikosiya komandası ötən mövsümdəki heyətindən 7 futbolçunu itirib. Amma Avroliqanın əvvəlki təsnifat mərhələlərində bütün görüşlərini qələbə ilə başa vurması Kipr klubunun gücündən xəbər verir.


İkiqat siyasi əhəmiyyətli oyun

“Neftçi” və APOEL 1995-1996-cı il mövsümündə Kuboklar Kubokunun təsnifat mərhələsində də üz-üzə gəlib. Həmin vaxt Nikosiyadakı görüşdə meydan sahibləri 3:0 hesablı qələbə qazanıb. Bakıdakı qarşılaşmada isə hesab açılmayıb – 0:0. Flaqman səfər matçında yerli azarkeşlərin qıcıq doğurucu siyasi təzyiqləri ilə üzləşib. Kiprli fanatlar tribunada Türkiyə bayrağını yandırıb və Ermənistan bayrağı dalğalandırıblar. Bugünkü matç isə “Neftçi” üçün ikiqat siyasi əhəmiyyətə malikdir. APOEL üzərində qələbə rəqib fanatların ədəbsiz davranışına layiqli cavab olmaqla yanaşı, Füzuli və Cəbrayılın ermənilər tərəfindən işğalı günündə azərbaycanlı azarkeşlərdə təskinlik, ruh yüksəkliyi doğura bilər.

Qayıdış

Bugünkü oyun həm də Böyükağa Hacıyevin avrokuboklarda ilk dəfə “Neftçi”nin baş məşqçi postuna, makedoniyalı İqor Mitreskinin isə qitəmiqyaslı turnirlərdə bir oyunluq fasilədən sonra müdafiəçi mövqeyinə qayıdışı ilə əlamətdar olacaq. Hacıyev səhhətindəki problemlərlə əlaqədar komandadan bir müddət aralı qalıb. Onun yoxluğunda baş məşqçi səlahiyyətlərini köməkçisi Tərlan Əhmədov yerinə yetirib. Mitreski isə “Hapoel”lə ilk görüşdə zəif çıxışı ilə əlaqədar transferə çıxarılmışdı. Lakin sonradan məhz baş məşqçinin xahişi ilə o, əsas komandaya qaytarılıb. Elə braziliyalı yarımmüdafiəçi Rodriqinyo da meydana çıxarsa, ötən mövsüm Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə aldığı ağır zədədən sonra ilk dəfə avrokubok matçında forma geyinəcək.


Böyükağa Hacıyevdən iddialı açıqlamalar

Görüş öncəsi “Neftçi”nin və APOEL-in baş məşqçiləri mətbuat konfransı keçiriblər. Böyükağa Hacıyev tarixi şansdan yararlanmağa çalışacaqlarını bildirib: “Qrup mərhələsinə vəsiqə qazanmağı biz 5 dəfə artıq istəyirik. APOEL-lə oyun “Neftçi” üçün tarixi şansdır. Azərbaycan futbolunda yeni tarix yaza bilərik. Ömür boyu qorxaq futboldan qaçdığımı bilirsiniz. Rəqibə həmişə açıq futbol təklif etmişəm. İnşallah, yenə bunun şahidi olacaqsınız. Avropada ən ağır hesab 2:0-dır. İnşallah, APOEL-i elə bu hesabla yenəcəyik”.

APOEL-ə 2008-ci ildən rəhbərlik edən İvan Yovanoviç isə “Neftçi” ilə qarşılaşmanı çox önəmli sayıb. 50 yaşlı serbiyalı mütəxəssis matçın hər iki tərəf üçün çətin keçəcəyini bildirib. O, flaqmanın çox güclü, xüsusən, Cavid İmamverdiyev, Culius Vobay və Flavinyonun daha təhlükəli və texnikalı olduğunu vurğulayıb. Bununla belə, Yovanoviç Bakıdan sərfəli nəticə ilə ayrılmaq istədiklərini söyləyib: “Avroliqanın qrup mərhələsinə aparacaq istənilən hesab bizi qane edəcək”.

Qeyd edək ki, cavab görüşü avqustun 30-da Nikosiyada keçiriləcək.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1849

Oxşar yazılar