Azərbaycan idmançısı dünya çempionatının yarımfinalında
17 avqust 2012 17:55 (UTC +04:00)

Azərbaycan idmançısı dünya çempionatının yarımfinalında

Bolqarıstanın Plovdiv şəhərində yeniyetmələr və böyüklər arasında davam edən akademik avarçəkmə üzrə dünya çempionatında Azərbaycanın yeganə təmsilçisi Boris Yotov yarımfinala yüksəlib. Lent.az-ın məlumatına görə, 16 yaşlı avarçəkənimiz yeniyetmələr arasında 1 nəfərlik qayıqla (JM1X) 2000 metr məsafəyə seçmə və ¼ final yürüşlərini uğurla keçib.

Seçmə yürüşdə finişə 7 dəqiqə 5,56 saniyəyə çatan Yotov yalnız sloveniyalı Yerney Markoviçdən (7:05.56) geri qalıb. Əvəzində idmançımız CAR təmsilçisi Ceyms Conston (7:09.29), moldovalı Vladimir Malov (7:23.49) və paraqvaylı Xose Servin Diarteni (7:35.49) geridə qoyub.

¼ finalda isə Yotov finişə hamıdan tez – 7 dəqiqə 8,77 saniyəyə çatıb. O, almaniyalı Morits Moos (7:11.13), belaruslu Pilip Pavukov (7:12.37), irlandiyalı Pol O Donovan (7:12.46), avstriyalı Mario Santer (7:27.00) və danimarkalı Nik Larseni (7:34.99) üstələyib.

Avqustun 18-də keçiriləcək yarımfinal yürüşündə avarçəkənimizin rəqibləri Martin Helset (Norveç), Qanqqanq Li (Çin), Mixal Ploçek (Çexiya), Ceyms Conston (CAR) və Pilip Pavukov (Belarus) olacaq. Yürüşə Bakı vaxtı ilə saat 12:59-da start veriləcək. İlk 3 yeri tutanlar əsas finala yüksələcəklər.

Qeyd edək ki, yeniyetmələr arasında 1 nəfərlik qayıqla (JM1X) mübarizəyə 30 avarçəkən qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254

Oxşar yazılar