Rəqibinin boynunu dişləyən boksçuya 10 il cəza verildi
17 avqust 2012 19:27 (UTC +04:00)

Rəqibinin boynunu dişləyən boksçuya 10 il cəza verildi

Kubalı boksçu Giorbis Bartelemi 10 il müddətinə diskvalifikasiya olunub. Lent.az-ın “Fightnews”a istinadən verdiyi məlumata görə, səbəb onun ABŞ təmsilçisi Qreydi Brüerin boynunu dişləməsidir.

İnsident avqustun 4-də keçirilmiş döyüş zamanı baş verib. İkinci raundda Bartelemi rəqibini nokdauna göndərib. Üçüncü raundda sistematik qayda pozuntusuna yol verdiyi üçün kubalının hesabından 1 xal silinib. Beşinci raundda isə Bartelemi Brüeri rinqin kəndirlərinə sıxaraq, dişləməyə başlayıb. Bundan sonra hakim döyüşü saxlayıb. ABŞ boksçusuna qələbə verilib.

Diskvalifikasiya barədə qərarı ABŞ-ın Corciya ştatının Atletika Komissiyası çıxarıb. Bartelemi cəzadan əlavə döyüş üçün müəyyənləşdirilən qonorarının həcmi məbləğində - 9 min dollar cərimələnib. Komissiya onun daha min dollar cərimələnməsinin mümkünlüyünü nəzərdən keçirir.

Qeyd edək ki, Giorbis Bartelemi ilə Qreydi Brüer İBO (Beynəlxalq Boks Təşkilatı) versiyası üzrə qitələrarası dünya çempionu titulu uğrunda 69,9 kq çəki dərəcəsində döyüşə çıxıb. Bu təşkilat və titulları boks dünyasında nüfuzlu sayılmır. 39 yaşlı Bartelemi karyerası ərzində 37 döyüşə çıxıb. O, 10-u nokdaunla olmaqla 25 qələbə qazanıb, 10 məğlubiyyətlə üzləşib, daha 2 görüş heç-heçə ilə nəticələnib. 41 yaşlı Brüer isə 44 qarşılaşmadan 30 qələbə (16-sı nokautla), 14 məğlubiyyətlə ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1120

Oxşar yazılar