“Qalatasaray”ın futbolçusuna şok cəza
17 avqust 2012 11:30 (UTC +04:00)

“Qalatasaray”ın futbolçusuna şok cəza

Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi “Qalatasaray” və “Fənərbağça” komandaları arasındakı Superkubok matçında baş verənlərlə bağlı cəzalar yağdırıb. Lent.az-ın məlumatına görə, “Qalatasaray”ın futbolçusu Engin Baytar 11 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Baytar matç zamanı hakimlərə və azarkeşlərə qarşı idmançıya yaraşmayan hərəkətə yol verib. Bu səbəbdən, baş hakim Cüneyt Çakır ona qırmızı vərəqə göstərib. Lakin Baytar Çakıra hücum edərək, yaxasından yapışıb. Futbolçuya komitə tərəfindən 20 min lirə cərimə də kəsilib.

“Qalatasaray” da ona cəza üzündən meydana çıxa bilməyəcəyi hər bir oyun üçün 15 min avro cərimə kəsib. Bu isə o deməkdir ki, 11 matçlıq cəza qarşılığında Enginin cəriməsi 165 min avro olacaq. Hər oyuna 15 min avro əmək haqqından da məhrum olduğunu nəzərə alsaq, o, daha 165 min avro ziyana düşüb. Beləliklə, etdiyi intizamsızlıq üzündən oyunçu 330 min avro və 20 min lirə itirib.

Azarkeşlərinin meydançaya kənar əşyalar atması üzündən isə “Qalatasaray”a 75 min lirə, “Fənərbağça”ya 15 min lirə cərimə kəsilib. “Fənər”in baş məşqçisi Aykut Kocaman da baş hakimə qarşı idmançıya yaraşmayan hərəkəti qarşılığında 10 min lirə cərimələnib.

Qeyd edək ki, “Qalatasaray”ın 3:2 hesabı ilə qalib gəldiyi oyunda “Fənərbağça” son dəqiqələrdə təyin olunan penalti qərarından narazı qalıb. Engin Baytarın meydandan qovulmasından sonra azlıqda qalan “sarı-qırmızılar” məhz bu penalti nəticəsində qələbəyə nail olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1604

Oxşar yazılar