UEFA “Zestafoni” ilə “Neftçi”nin stadionları arasında ayrıseçkilik edir
Futbol üzrə Azərbaycan milli komandasının Bəhreyn yığması ilə yoldaşlıq görüşü keçirdiyi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Neftçi” Avropa kuboklarındakı rəqiblərini qəbul edə bilmir. Lent.az-ın məlumatına görə, flaqman yalnız Azərbaycan Premyer Liqası və ölkə kubokunda bu meydandan yararlanır.
“Ağ-qaralar” Çempionlar Liqasında Gürcüstan “Zestafoni”si və İsrail “Hapoel”ini Mərdəkan qəsəbəsindəki süni örtüklü “Dalğa Arena”da sınağa çəkib. Avropa Liqasının “pley-off” mərhələsində Kipr APOEL-i ilə qarşılaşma da bu arenada baş tutacaq.
Əslində “İsmət Qayıbov”dakı şərait “Zestafoni”nin “Neftçi”ni qəbul etdiyi David Abaşidze adına stadiondakından heç də geri qalmır. Əksinə, daxili və xarici görkəmlərini müqayisə etsək, Zestafonidəki arena az qala müharibədən çıxmış tikilini xatırladır. Amma şəhərin hava limanından uzaqlığına və təhlükəli yollarına baxmayaraq, orada beynəlxalq oyun keçirməyə icazə verilir. Bakıxanov qəsəbəsindəki stadionda isə “Neftçi” avrokublardakı rəqiblərini qəbul edə bilmir. Düzdür, milli komandalar arasındakı oyun rəsmi yox, yoldaşlıq görüşüdür. Amma hər ikisi beynəlxalq statusa malikdir.
Elə isə Azərbaycan millisi Bəhreynlə məhz bu arenada üz-üzə gəlməsi necə mümkün olub?
“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə Lent.az-a bildirib ki, Avropa kuboklarındakı rəqiblərini İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul etməyə UEFA icazə verməyib. Səbəb kimi arenanın beynəlxalq tələblərə cavab verməməsi göstərilib: “UEFA-nın bir neçə tələbi var. Onlardan biri də arenamızda süni işıqlandırma sisteminin olmamasıdır. Hazırda stadionumuzda təmir işləri aparılır, tribunalar yenilənir. Burada oynamağımıza icazə verilmədiyindən, rəqiblərimizi “Dalğa Arena”da qəbul edirik”.
Əslində stadionda süni işıqlandırma sistemini qurmaq elə də çətin deyil. UEFA-nın təkcə bu problemi səbəb kimi qabartması inandırıcı görünmür. “Neftçi” rəsmisi də öz ev arenalarında oynamağa razılıq verilmədiyi halda, David Abaşidze adına stadionda oyun keçirməyə razılığın verilməsinin anlaşılmazlığı ilə razılaşıb: “Hamımız Zestafonidəki stadionun vəziyyətini gördük. Düzdür, projektorlar işləyirdi. Amma yetərincə qüsur var idi. Adicə jurnalistlər sektoru internetlə tam təchiz olunmamışdı. Təhlükəsizliklə bağlı problemlər nəzərə çarpırdı. Ola bilsin, UEFA regionda yerləşdiyi üçün həmin stadionda oyun keçirməyə razılaşıb. Amma bu o demək deyil ki, bizə də rəqiblərimizi öz arenamızda qəbul etməyə icazə verilməməlidir”.
Bəhreynlə yoldaşlıq görüşünün məhz “İsmət Qayıbov”da keçirilməsinə gəlincə, Abbaszadə bu oyunun necə baş tutmasından məlumatsız olduğunu söyləyib.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Mikayıl Nərimanoğlu isə yoldaşlıq görüşünün iki ölkə yığmasının qarşılıqlı razılığı əsasında Bakıxanov qəsəbəsindəki stadionda baş tutduğunu söyləyib: “Yoldaşlıq görüşləri ilə rəsmi oyunların təşkilinə dair tələblər fərqlidir. Məsələn, rəsmi matçlarda 3 əvəzləməyə icazə verilirsə, yoldaşlıq görüşündə 7 dəyişiklik etmək mümkündür. Stadion seçimi barədə də eyni sözləri demək olar. Əslində görüş “Dalğa Arena”da keçirilməli idi. Amma Bəhreyn tərəfi süni örtüklü meydanda oynamaq istəmədi. Buna görə də “İsmət Qayıbov”da görüşməyə razılaşdıq. Hər iki tərəfin razılığı olduğundan, yoldaşlıq matçının bu stadionda təşkilində problem yoxdur”.
Qeyd edək ki, yoldaşlıq görüşündə Azərbaycan Bəhreyni darmadağın edib – 3:0.
Elşən MƏMMƏDOV

2547