Olimpiada-2012: Azərbaycanın 7 idmançısı səhnədə - SİYAHI
10 avqust 2012 12:48 (UTC +04:00)

Olimpiada-2012: Azərbaycanın 7 idmançısı səhnədə - SİYAHI

Lent.az-ın məlumatına görə, avqustun 10-da Azərbaycanın 7 idmançısı mübarizə aparacaq.

Bakı vaxtı ilə saat 13:15-də taekvondoçumuz Ramin Əzizov ilk görüşünə çıxacaq. 80 kq çəki dərəcəsində yer alan Əzizovun 1/8 finalda rəqibi 2 qat olimpiya və 5 qat dünya çempionu Stiven Lopes (ABŞ) olacaq.

Saat 13:51-də kanoeçimiz Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə seçmə yürüşdə iştirak edəcək. Onun rəqibləri Sebastian Marçak (Avstraliya), Naoya Sakamoto (Yaponiya), Ronilson Oliveyra (Braziliya), Matyö Qubel (Fransa), Andrey Yezyerski (İrlandiya) və Ceyson Makkumbs (Kanada) olacaq. Bu və digər 3 qrupda ilk 6 yeri tutanlar yarımfinala yüksələcəklər. Saat 15:30-da startı veriləcək növbəti mərhələ yürüşlərində 24 kanoeçi hər birində 8-i olmaqla 3 qrupda çıxış edəcək. Hər qrupda ilk 2 yerin sahibləri və 3-cü yeri tutanlar arasından ən yaxşı göstəricilərə malik 2-si finala vəsiqə qazanacaq. Həlledici yürüş isə avqustun 11-də saat 13:47-də olacaq.

Saat 16:00-da bədii gimnastımız Aliyə Qarayeva fərdi çoxnövçülük yarışlarında mübarizəsini davam etdirəcək. O, əvvəlcə gürzlə, saat 17:18-də isə iplə yarışacaq. Ötən gün Qarayeva halqa və topla hərəkətlərin cəmində 55,800 xalla 5-ci yeri tutub. 4 hərəkətin yekununda ilk “10-luğ”a düşəcək gimnastlar avqustun 11-də finalda çıxış edəcəklər.

Saat 16:30-da daha bir taekvondoçumuz Fəridə Əzizova ilk görüşünü keçirəcək. Qadınlar arasında 67 kq çəkidə çıxış edən Əzizovanın 1/8 final mərhələsindəki rəqibi kanadalı Karin Serjeri olacaq.

Sərbəst güləşçimiz Əşrəf Əliyev saat 17:10-da döşək üzərinə çıxacaq. 74 kq çəki dərəcəsində yer alan pəhləvanımız təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Onun ilk rəqibi yaponiyalı Soşuke Takatani olacaq. Qələbə təqdirində Əliyev 1/8 finalda rusiyalı 2 qat dünya və 3 qat Avropa çempionu Denis Tsarquşla qarşılaşacaq.

Saat 17:45-də boksçumuz Teymur Məmmədov rinqə çıxacaq. 91 kq çəki dərəcəsində yer alan 19 yaşlı Məmmədov yarımfinalda özündən 11 yaş böyük italiyalı Klemente Russo ilə üz-üzə gələcək.

Nəhayət, gecə saat 02:30-da digər boksçumuz Məhəmmədrəsul Məcidov daha bir italiyalı Roberto Kammarelleni yarımfinal görüşündə sınağa çəkəcək. Bu qarşılaşma 91 kq-dan yuxarı çəkidə baş tutacaq. Kammarelle 2007 və 2009-cu illərdə dünya, 2008-ci ildə olimpiya çempionu olub.

Günün medal dəstləri:

16:00. Açıq suda üzgüçülük. Kişilər. 10 km
17:00. Yelkən idmanı. Qadınlar. “470”
19:00. Sinxron üzgüçülük. Qrup
20:30. Velesiped idmanı. BMX. Qadınlar
20:40. Velosiped idmanı. BMX. Kişilər
22:25. Sərbəst güləş. Kişilər. 55 kq
22:25. Sərbəst güləş. Kişilər. 74 kq (Əşrəf Əliyev)
23:00. Atletika. Kişilər. Şüvüllə tullanma
23:35. Atletika. Qadınlar. Çəkicatma
00:00. Otüstü hokkey. Qadınlar
00:05. Atletika. Qadınlar. 5000 metr
00:40. Atletika. Qadınlar. Estafet. 4X100 metr
00:55. Atletika. Qadınlar. 1500 metr
01:20. Atletika. Kişilər. Estafet. 4X400 metr
02:15. Taekvondo. Qadınlar. 67 kq (Fəridə Əzizova)
02:30. Taekvondo. Kişilər. 80 kq (Ramin Əzizov).
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar