“Milan” klubu qapıçısı Canluici Donnarumma ilə yolları ayıra bilər.
Lent.az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, 21 yaşlı qolkiperin yayda komandasını dəyişmək ehtimalı gündəmə gəlib.
Belə ki, “rossonyerlər” Donnarumma ilə yeni müqavilə məsələsində heç cür razılığa gələ bilmirlər. Canluicinin yetirməsi olduğu klubla sözləşməsinin müddəti 2021-ci ilin yayına qədərdir. Donnarumma yeni sazişə qol çəkməsə, “Milan” rəhbərliyi sonra onu havayı buraxmamaq üçün yayda qolkiperi satacaq. A Seriyası təmsilçisi hər ehtimalı göz önünə alaraq, indidən Donnarummaya əvəzləyici axtarışına çıxıb. “Milan”ın “Torino”nun 33 yaşlı çərçivə qoruyucusu Salvatore Siriqu ilə maraqlandığı bildirilir.
Qeyd edək ki, C.Donnarumma 2015-ci ildən “Milan”ın əsas komandasının formasını geyinir.