Mollanın qovduğu, oğlunun “qara kağız”ını alan, nisgillə ölən azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ
07 may 2020 09:28 (UTC +04:00)

Mollanın qovduğu, oğlunun “qara kağız”ını alan, nisgillə ölən azərbaycanlı dahi – HƏYAT HEKAYƏTİ

 

Zirvəyə gedən yol heç vaxt asan olmayıb. O zirvə tufanlardan, uçqunlardan, qar-borandan, bütün təbii və süni fəlakətlərdən, maneələrdən hündürdədir - zirvədir axı.  Ora çıxmaq bir zülmdür, orda qala bilmək ikinci... Ən böyük dərd ora çatıb, sonra üzü aşağı yuvarlanmaqdır. Xoşbəxt o adamdır ki, o məşəqqətli yolu çıxandan sonra taleyin heç bir zərbəsi onu aşağı yuvarlaya bilmir, əbədi qalır o zirvədə, özü olmayanda da adı ilə...

 

Lent.az Azərbaycan rəssamlıq sənətində yeni yol açmış Xalq rəssamı Əzim Əzimzadədən danışacaq. 

 

1880-ci il mayın 7-də Bakının Novxanı kəndində sadə, kasıb bir ailədə dünyaya göz açıb. Ailənin qazancı daşdan çıxırdı. Yəni atası Kərbəlayi Aslan daşyonan idi. Ailədə beş uşaqdan yalnız biri sağ qalmışdı. Valideynləri qan qohumu olduqlarından uşaqları tələf olurdu. Uşağa babasının adını qoymuşdular – Əbdüləzim. Hamı onu Əzim deyə çağırırdı.

 

Əzimin 7 yaşı olanda ailə Novxanıdan Bakının mərkəzinə köçür. Əzimin ayağı sayalı olmuşdu, atası daşdan yaxşı qazanmağa başlamışdı. Mərkəzdə aldıqları üçotaqlı mənzili də tezliklə altı otağa qədər genişləndirdilər. Anası Zəhra evdar qadın idi. Bütün günü yır-yığışla, biş-düşlə məşğul olurdu və bütün diqqəti Əzimin üstündə idi. Beş uşaqdan sağ qalan yeganə övlad xüsusi diqqət altında böyüyürdü.

 

Məktəb yaşına çatanda atası onu dövrün tələbi ilə molla məktəbinə qoydu. Tez bir zamanda ərəb əlifbasını öyrənib, “Quran”ı orijinaldan oxudu Əzim.

 

Bir gün yoldaşlarından biri məktəbə bir qutu boya gətirir. Əzim yoldaşından götürdüyü boya ilə rəsm çəkməyə başlayır. Müəllim uşaqların da fikrini yayındıran, mollaxanada rəsm çəkən  bu “tərbiyəsiz” uşağa bir-iki çubuq çəkib, boyanı da əlindən alır.

 

Əzim də elə bil prinsipə düşüb, hər gün mollaxanaya rəng, boya gətirib şəkil çəkir, uşaqlar da yığışıb onun rəsmlərinə maraqla tamaşa edirdilər. Molla nə qədər çalışsa da, Əzimi rəsm çəkməyin günah olmasına, mollaxanaya boya gətirməyin yaxşı hərəkət olmadığına inandıra bilmirdi. Molla gördü ki, bu gedişlə mollaxanada hamı rəsm çəkəcək, din-iman, mollaxana əldən gedəcək, Əzimi qovmaqla bu bəladan qurtulmağa qərar verdi. Həmin vaxt çox sarsılan, yoldaşlarının yanında xəcil olduğunu düşünən gələcək rəssam sonralar xatirələrində yazacaqdı: "Bir gün mollam məni şəkil çəkəndə gördü. Başımın üstündən barmaqlarıma bərk çubuq vurub, dedi: "Dur, şeylərini yığışdır, buradan cəhənnəm ol!" Mən bərk xəcil olub, evimizə gəldim... dəxi mollaxanaya getmədim".

 

O vaxtdan Əzimin barmaqları fırçaya, boyaya, harda, necə olursa-olsun şəkil çəkməyə elə alışmışdı ki, qarşısına çıxan hər şey onun üçün kətan, boya təsiri bağışlayardı.  

 

Təkcə evlərində deyil, bütün məhəllədə rəsm çəkilməyən divar qalmamışdı. Ağ divarlarda qara kömürlə çəkilən rəsmlər xüsusən sənət əsərinə bənzəyirdi və balaca Əzim bundan daha da həvəslənirdi.

 

Qonşular əlindən dad çəkirdilər.

 

Molla məktəbindən qovulandan sonra evdəkilərdən xəbərsiz rus-tatar məktəbinə qəbul olunmuşdu. Müəllimlər onun istedadını duyub atasına demişdilər ki, Əzimin təhsilini yarımçıq qoyma, getsin Realnı məktəbə. Məktəbi əla bitirən Əzimi atası təhsilini davam etdirməyə qoymurdu. Yəni özünün təbirincə desək, bircə uşağını gələcəkdə kafir cildində görmək istəmirdi.

 

Heç kim, heç atası da bilmirdi ki, onların hər biri sabah Əzim Əzimzadənin kəskin satirasının qəhrəmanları olacaqlar. Hələlik o əsərlərin eskizləri cızılırdı Əzimin beynində.

 

Atasının bu münasibətinə etiraz əlaməti kimi Əzim metaltökmə zavodunda fəhlə kimi işə düzəlir. “Həyatımı özüm idarə edəcəm, heç kimə ehtiyacım qalmayacaq ki, kiminsə diktəsi, yaxud icazəsi olmadan yaşayım” – deyən yeniyetmənin üsyanı idi bu addım. Ancaq naz-nemətlə böyüyən gənc, məşəqqətli fəhlə həyatına dözə bilməzdi. Cəmi 6 aydan sonra işdən çıxır.

 

Bir müddət dəyirmanda işləyir. Orda da həyat asan deyildi, gündə 16 saat işləməli olurdu. Dəyirman sahibi təzə ev tikdirirdi, tez-tez hansısa buyruq üçün Əzimi həmin evə göndərirdi. Binanın fasadına düzülən oyma daşlar gələcək rəssamın diqqətini yaman çəkirdi özünə. Nəhayət, həmin işləri görən, evin içini bəzəyən rəssam Durovla tanış olur. Rəssam evin içini yağlı boya ilə bəzəyirdi. Saatlarla durub onun əlinə, gördüyü işə tamaşa edir, hardan gəlib, hara getməli olduğunu unudurdu. İşinə qayıdandan sonra da yüz cür bəhanə ilə həmin evə gəlməyə can atırdı.

 

Onun bu marağı Durovun da rəssam gözündən yayınmamışdı. Binanın işi başa çatandan sonra dəyirman sahibi Durovdan Parisdə sərgidə dəyirmanın tarixinə dair material sərgiləmək üçün şəkillər çəkməsini sifariş verir. Görüləsi iş çox olduğundan Durov sahibdən Əzimi ona köməkçi verməyi xahiş edir. Söz verir ki, Əzim onun yanında bir-iki ilə rəssam kimi yetişəcək.

 

Sahibkar heç nə demir, amma sonradan Əzimi kənara çəkib deyir ki, sən müsəlman balasısan, ağlını başına yığ, işinlə məşğul ol, ticarətə meyl göstər. Rəssamlıq nədir, atan-baban şəkil çəkib? Bu Durov sənə boş araq butulkasından başqa heç nə verə bilməz.    

 

Əzim isə artıq çox eşitdiyi belə “məsləhətlər”dən heç bir təsir almırdı. Fürsət tapdıqca Durovun yanına qaçıb, ondan öyrənirdi. Bunu duyan sahibkar şagirdini yanından qovur. Daha bir qovulma onun istəyinə yaxınlaşmasına bəlkə də təkan idi. Parisdə isə şəkillər Ümumdünya sərgisində nümayiş olunur.

 

Əzim artıq rəssamlıq məktəbinə qəbul olmaq həvəsi ilə yanırdı. Bakıda elə məktəb yox idi. Əzimin imkansızlığı isə onun təhsil üçün Moskvaya, Kiyevə, Tiflisə getmək arzusunu gözündə qoyurdu.

 

Bir gün özünü toplayıb Bakı milyonçularından birindən təhsil almasına yardım göstərməsini xahiş edəndə yenə “çalınmış bayatını” eşidir cavabında: "Bala, ağlını yığ başına, get özünə sənət tap. Bizə mühəndis, həkim lazımdır, şəkil çəkən yox."

 

Əzim bütün gün rəsm çəkməklə məşğul olurdu, amma gündəlik tələbatlarını ödəmək üçün işləmək lazım idi. “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlığı gündəlik tələbatını ödəməyə çatmırdı.

Uzun axtarışlardan sonra Ələkbərov qardaşlarının un anbarında günəmuzd işə düzəlir. Ona heç kim iş vermək istəmirdi. Bakının iş adamları onun haqqında eşidib bilirdilər artıq. Həm rəsm çəkmək kimi mənasız bir işlə məşğul olur, həm də üstəlik “Molla Nəsrəddin” jurnalı ilə əlaqəsi var. O vaxt üçün yaxşı imic deyildi.

 

Ələkbərovların kiçik qardaşı da bunu eşidəndə ona "Mən hərçənd avam kişiyəm, lakin sənə fikir vermişəm, səndə alverdən, ticarətdən bir əsər yoxdur. Görünür, sənin həvəsin, fikrin şəkil çəkməyədir. Hərçənd şəriətimizdə bu haramdır, bu biri tərəfdən də ac qalmaq olmaz. Mən bu günahı Allah üçün eləyirəm, ta ki, sən hayıfsan, ac qalmayasan. Ehtiyat eləmə, hətta məvacibini də hər ay 15 manat artırıram. Ancaq bu 15 manat mənim öz hesabıma olacaq, qardaşım bilsə, razı olmaz".

 

Ordan aldığı məvacibi Əzim Əzimzadə rəsm ləvazimatlarına verir, karikaturalarını çəkib “Molla Nəsrəddin”də çap etdirirdi.

 

Zaman keçdikcə Əzimin dövrün etirazından gizlicə çəkdiyi rəsmlər küçəbəküçə gəzirdi. Onun karikaturalarını mollalar keçən küçələrdə yapışdırırdılar. Dövrünün gəncləri Əzimin rəsmlərinin dili ilə zamana etiraz edirdilər.

 

Küfr etməsi - rəsm çəkməsi azmış kimi, hələ “Kafirlərin açdığı” “Molla Nəsrəddin” jurnalında çap olunması onu həm sevdirir, həm də ona nifrəti alovlandırırdı. Dindarlar arasında gənc Əzimin düşmənləri günbəgün artırdı. O dinə qarşı deyildi, dinin adından sui-istifadə edən mollalara, cahillərə qarşı idi. Fırçası onların ifşasına işləyirdi. 

 

Əqidəsi onu həm də ictimai fəala çevirmişdi. Təqiblər gənc rəssamı dövrünə qarşı üsyankara çevirmişdi.

 

Əzim Əzimzadə də Üzeyir bəy, Cəfər Cabbarlı, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə kimi hərtərəfli istedad sahibi idi. Adama hərdən elə gəlir ki, bu adamlar ev də tiksəydilər, başqa ustaların inşa etdiyi binalardan istedadlı inşası ilə seçilərdi.

 

Əzim Əzimzadə də o sıradandır, təkcə karikaturaçı rəssam, illüstrasiyaçı, mənzərə ustası, teatr tamaşalarının dekorçusu deyil, həm də “Mənim səfərim” adlı çox maraqlı yol qeydlərinin müəllifdir.

 

Əzim Əzimzadə Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla sözün dediyinin ikiqat artığını deyə bilib. Yeri gəlmişkən, bununla da kitab qrafikası sənətinin əsasını qoyub Azərbaycanda.

 

Əzim Əzimzadənin yaradıcılığında karikaturalar xüsusi yer tutur. Azərbaycanda bu janrın formalaşması “Molla Nəsrəddin” jurnalı ilə bağlıdır. Əzim Əzimzadə həmin jurnalın baş rəssamı zirvəsinə pillə-pillə gəlir çıxır.

 

Zaman, dövr dəyişdikcə tənələr altında məşhurluğa, sənətkarlığa gəlib çıxan  adam yeni dövrün hörmətli şəxsiyyətinə çevrilir.

 

Sabirin “Hophopnamə” əsərinə 56 rəngli litoqrafiya çəkmişdi. Cəlil Məmmədquluzadənin və Əbdürrəhim bəy Haqverdiyevin əsərləri, o cümlədən xalq nağılları üçün də eyni üslubda rəsmlər silsiləsi yaradıb.

 

Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində sözün deyə biləcəyindən daha söz deyib.

 

Əsərləri dünya sərgilərində nümayiş olunan azərbaycanlı rəssamın fərdi sərgisi Bakıda ilk dəfə 1940-cı ildə açılıb. 1200-dən çox əsərlə.

 

Özü heç bir rəssamlıq təhsili görməyən məşhur rəssam sonradan Bakıda rəssamlıq məktəbinin əsasını qoyanlardan olub.

 

1920-1943-cü illərdə hazırda onun adını daşıyan Azərbaycan Rəssamlıq Texnikumunda müəllim işləyib.

 

1932-1937-ci illərdə isə həmin məktəbin direktoru olub. Bu məktəbin taleyi də Əzim Əzimzadənin taleyi kimidir elə bil. Əslində, illərə baxanda o illər cərəyan edən hadisələr, olaylar adamın gözləri qarşısında canlanır və anlayırsan nələr baş verdiyini. Görkəmli rəssam da həmin dövrü yaşamış adamdır. 1920-ci ildən başlayaraq, Azərbaycanın işıqlı insanları ya sürgün olunub, ya güllələnib, ya çərlədilib, ya da müəmmalı şəkildə dünyalarını dəyişiblər. 1920-ci ilin 28 aprel işğalından sonra 48 min adam elə qətlə yetirilib. 28 mini sürgün olunub. Nə isə...mətləbdən uzaqlaşmayaq.

 

Fikir verin, məktəb 1920-ci ildə Əzim Əzimzadənin gərgin əməyi, təşəbbüsü ilə yaradılıb. Əvvəlcə Ali Bədii Emalatxana, sonralar Azərbaycan Ali Rəssamlıq Məktəbi adlanıb, 1929-cu ildən Rəssamlıq Pedaqoji Texnikumu, 1937-ci ildən Dövlət Rəssamlıq Məktəbi adı ilə fəaliyyət göstərib. 1943-cü ildə  Əzim Əzimzadə dünyasını dəyişəndən sonra məktəbə onun adı verilib. Yaşadığı dövrdə yaratdığı təhsil ocağında müəllimlikdən direktorluğa qalxıb, məlum olur ki, həyatdan köçəndə orda müəllim işləyirmiş. ..

 

13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilib.

 

1940-cı ilin əvvəllərində Əzim Əzimzadənin həyatında hər şey axarına düşmüş kimi görünürdü. Ailəsi, uşaqları, sevdiyi işi və o işin özülünü qoymuş adam kimi hörməti, yüzlərlə yetirmələri vardı. Özü məktəb görmədən peşəkarlığa yüksələn rəssamın yetişdirdiyi rəssamlar indi özləri məktəb idi... Müharibə başlayır.

 

1941-ci ildə Əzim Əzimzadənin iki oğlu müharibəyə yollanır. Bir il sonra oğlanlarından birindən qara kağız gəlir. Əzim Əzimzadənin bu xəbərdən beli bükülür. Çox keçmir rəssam ağır xəstələnib, yatağa düşür.

 

Bunu eşidən ölkə rəhbəri, rəssama böyük hörməti olan Mircəfər Bağırov Əzim Əzimzadənin döyüşdə olan digər oğlunun geri qayıtması haqqında göstəriş verir. Qərar icra olununcaya qədər gec olur. Oğlu gəlib çıxanda atası artıq dünyasını dəyişmişdi.

 

Əzim Əzimzadə 1943-cü il iyunun 15-də 63 yaşında vəfat edib. Fəxri Xiyabanda dəfn edilib.

 Yüzlərlə rəssam yetişdirib Azərbaycan incəsənəti üçün. İndi Bakıda adına həmin məktəblə bərabər küçə də var. Yaşadığı ev indi ev muzeyidir. Yaxınlıqdakı bağda büstü qoyulub.

  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əzim Əzimzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

 

# 21501
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar