Mirzə Babayev
10 fevral 2025 17:14 (UTC +04:00)

Mirzə Babayev

Əsən külək, dinən külək, coşan külək, “Limanlara” sığmayan bir ömrün nəğməsi - Həyat hekayəti

“Limanlar”, “Saçlarına gül düzüm”, “Uzaq yaşıl ada”, “Kəpənək”, “Bir axşam”, “Dayan, zaman”, “Gəlmədi”, “Kimlər gəldi, kimlər getdi”,  “Pəncərəmə qondu çiçək”, “İndi günah nə səndədir, nə məndə”, “Qurban olum”, “Düşürsən yadıma” – bunlar ifa edib möhür vurduğu mahnılardır. Bu günə qədər də kim ifa edirsə etsin, ilk ifaçısının səsi qulaqlarda səslənir.

Filmoqrafiyasında kino adı istənilən aktyorda olduğundan daha çoxdur, amma təhsilinə görə aktyor deyil, mühəndisdir, rəssamdır, memardır, müğənnidir, hər kimdirsə, axır ki, Xalq artisti Mirzə Babayevin özüdür.

Azərbaycanda estrada janrını yaradanlar  sadalananda ilk adlardan biri Mirzə Babayev olur.  Cazda da ilk ifaçı olub, amma sinfində oxuduğu Bülbül onu opera ifaçısı kimi yetişdirmək istəyirmiş, Tofiq Quliyev deyib ki, Mirzənin səsi estradaya daha çox yatır.

Memar kimi "Vətən" kinoteatrı, Gəncədə, Ağdamda bir neçə inzibati bina onun layihəsi üzrə tikilib. Nizami muzeyinin zallarının tərtibatında da iştirak edib. O xətlə davam eləsə, orda da tanınmışlardan olardı. İndiki ADNSU-nu bitirib. Yox, belə epizodlarla onun yaradıcılığını, həyatını çatdırmaq olmur, Xalq artisti Mirzə Babayev haqqında gərək ətraflı danışasan.

“İndi günah nə səndədir, nə məndə...”

Əsl adı Mirzəağadır. Müğənni olandan sonra diləyatımlı olması üçün Mirzə adı ilə çıxış etməyə başlayıb.

Mirzə Babayev 1913-cü il iyulun 16-da Maştağada anadan olub. Sonradan ailəsi İçərişəhərə köçüb, “ağşalvarlılardan”dır. Atası Əbdülcabbar neft satışı ilə məşğul olan savadlı insanmış. 8 övladı olub -7 oğlan, bir qız, demək olar ki, hamısının təhsil almasını təmin edib. Moskvada, Sank-Peterburqda təhsil alıblar.

Anası Sona xanım isə musiqi sahəsində çalışıb. Daha doğrusu, çalışmayıb, həvəskarı imiş. Qonaqlıqlarda, ailə məclislərində yaxşı qarmon çalarmış.

Mirzə Babayev özü peşəkar səhnəyə ilk addımlarını təhsil aldığı Neft və Sənaye İnstitutunda (ADNSU) atıb. Bu 1932-ci ilə təsadüf edir. Həmin illər restoranda da çıxış edərmiş, Natəvan meydanındakı "Metropol" restoranında.

İnstitutu bitirəndən sonra Mirzə Babayev Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olur. İçindəki rəssamlıq və memarlıq həvəsini bu cür də dilə gətirib. Ciddi musiqiyə başlamazdan əvvəl memar və rəssam kimi çalışıb.

Sonra da müharibə başlayıb. Dövrünün bütün insanları kimi müharibə onun da həyatının tən ortasından keçib. Rostov tərəfdə döyüşüb, oxuya-oxuya, əsgərləri döyüşə ruhlandıraraq, leytenant rütbəsi alıb. Yaxası medallarla qayıdıb.

1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında Xalq artisti Bülbülün sinfinə daxil olub. Mirzə Babayevi həm müğənni, həm də aktyor kimi Tofiq Quliyev kəşf edib.

Mirzə onun Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrində də çıxış edib. Müğənninin ilk estrada ifaçısı kimi tarixə düşməsi də Tofiq Quliyevin adı ilə bağlıdır. Bəstəkar çıxışlarında Mirzə Babayevi ilk caz ifaçısı kimi də təqdim edib. Mirzə Babayevlə Tofiq Quliyev dost olublar. Onun musiqi bəstələdiyi filmlərin əksəriyyətində Mirzə Babayev aktyor kimi çəkilib, amma mahnı da ifa edib. Bu da Tofiq Quliyevin əməyidir. Məsələn, "Dərviş Parisi partladır" filmində Dərvişin ekranda göründüyü ilk kadrda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev, Mirzə Babayevə görə yazıb.

“Gözüm yoldadır, qulağım səsdə...”

Mirzə Babayev 40-dan artıq filmdə çəkilib. Yalnız Azərbaycanda yox, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də rol alıb.

Amma arzusunda olduğu bir obrazda nakam qalıb. "O olmasın, bu olsun" da Məşədi İbad roluna çəkilmək istəyib, ona verməyiblər. Yalnız Məşədi İbadın yerinə oxumaqla yanğısını söndürüb. O yanğısını söndürüb, tamaşaçı isə Məşədi İbadı Mirzə Babayevin şirin ifası olmadan sevə bilməzdi.

Ay xanım, gəl yanıma
Ay canım, gəl yanıma,

Gəl mən ölüm, mən ölüm, mən ölüm...

Yaxud

Sən qızı mənə verginən, gör necə səni şad edərəm...

Teatr isə onun bu arzusunu həyt keçirməyinə imkan yaradıb. 1966-cı ildə Musiqili Komediya Teatrında dəvətlə Məşədi İbad rolunu oynayıb.

Kinoda isə çox çəkilib və duzlu, uğurlu obrazlarla yadda qalıb. “Bəyin oğurlanması”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Əzablı yollar”,  “Gün keçdi”, “Qaraca qız”, “Qızmar günəş altında”, “Qorxma, mən səninləyəm”,Romeo mənim qonşumdur”, “Sən niyə susursan?”,  “Şir evdən getdi”, “Telefonçu qız” və sair. “O olmasın, bu olsun”, “Onu bağışlamaq olarmı?” filmlərində isə səsi rol oynayıb.

Maraqlısı odur ki, “O olmasın, bu olsun” filminin rejissoru Hüseyn Seyidzadənin qardaşı Bağır Seyidzadə ilə Mirzə Babayev qudadırlar. Bir dəfə Hüseyn Seyidzadə xəstəxanaya düşür. Mirzə nəvəsi ilə gedir onun yanına və orda nəvəsinə deyir ki, “Ülvi, o da sənin baban, mən də, indi ondan soruş, desin görüm, məni niyə Məşədi İbad roluna çəkmədi?” Sonra da əlavə edir-“məni çəkmədi, xəstəxanaya düşdü”.

“Sən getdin tək qaldıq, bir liman bir də mən...”

Sovet vaxtı sənətə və səhnə adamına münasibət bir qədər mühafizəkarcasına idi. Səhnəyə yalnız qalstukla, sinəsi, qolları bağlı paltarlarda, ciddi və düz duruşla çıxmalı idin. Az qala, sifətinin ifadəsi də dəyişməz olmalı idi. Təsəvvür edin ki, müğənni oxuyur və simasında heç bir ifadə yoxdur, sanki qurultayda çıxış edir. Odur ki, Mirzə Babayev kimi mahnını obrazlı ifa edən bir sənətkara hələm-hələm səhnə verilməzdi. Uzun illər onu ciddi sənətkar hesab etməyiblər.

Mirzə Babayev Azərbaycanda estrada janrının banisi olsa da, əslində, bütün mahnıları şanson janrında oxuyurdu. Tofiq Quliyevlə Emin Sabitoğlu məxsusi Mirzə Babayev üçün mahnılar yazırdılar. Oqtay Rəcəbovla Vasif Adıgözəlov isə o cür yazmasalar da, onların da mahnıları Mirzə Babayevin ifasında şanson mahnılara çevrilirdi.

Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülüb. 2002-ci ildən prezident təqaüdçüsü olub.

Müstəqillikdən sonra onun səhnəyə qayıtması Brilliant Dadaşovanın xeyirxah missiyası oldu, qocaman sənətkarla “Nə olar”, “Mənim Mirzə dayımsan”  duetləri oxuması sənətkara yeni nəfəs verdi.

Müstəqillikdən sonra onun yaradıcılığının ikinci, ən uğurlu dövrü başladı. Ən yaxşı mahnılarını da o dövrdə ifa edib, çünki ona səhnədə heç bir məhdudiyyət qoyulmadı. “Kəpənək” mahnısını, “Zəfər”i necə obrazlaşdırırdısa, elə də ifa edirdi. Tamaşaçının gözləri qarşısında mono-tamaşa yaranırdı.

Son illər səhnələrdə tez-tez 100 il yaşayacağını,  90 yaşına qədər oxuyacağını deyidi. Axı atası 105, nənəsi 127 il yaşayıb, görünür, uzunömürlü nəslin davamçısı olacağına inanırdı.

Azərbaycan kino aktyoru və estrada müğənnisi, memar və ictimai xadim, Xalq artisti, "Şöhrət" ordenli Mirzə dayı 2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat edib.

“Limanlar”ı, “Kəpənəyi”, “Zəfəran”ı isə dünya durduqca yaşayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1452

Oxşar yazılar