Bakıda "Atəşgah"a gəldi, Dehlidə 33 gülləylə öldürüldü - ONU TANI
31 oktyabr 2022 20:15 (UTC +04:00)

Bakıda "Atəşgah"a gəldi, Dehlidə 33 gülləylə öldürüldü - ONU TANI

1984-cü ilin 31 oktyabrında dünyanın gündəmini dəyişən hadisə baş verdi. Yeni Dehlidəki Səfdərcunq küçəsində yerləşən Baş nazir iqamətgahında İrlandiya televiziyası adından ondan müsahibə götürməyə gələn jurnalisti qəbul eləməyə hazırlaşırdı. Baş nazir onu burada gözləyirdi. Onu qarşılamaq üçün ayağa duranda, avtomatların tətiyi basıldı. Ona 33 güllə dəymişdi.
Səhəri ölkədə aləm qarışdı. Ölkənin bir çox yerində meydana gələn münaqişələrdə 20 mindən çox siqh həyatını itirdi, onlarla ibadətxanaları yandırıldı. Oğlundan  ölkədə nə baş verdiyini soruşanda, o, belə cavab vermişdi: “Böyük ağac yıxılanda, yer titrəyər”.

Lent.az  “Onu tanı”da İndira Qandidən bəhs edəcək

İndira Qandi 1917-ci il 19 noyabrda Hindistanın şimalındakı Uttar Pradeş əyalətinin Allahabad şəhərində görkəmli siyasətçi, azadlıq mübarizi Cəvahirləl və Kamalanın ailəsində dünyaya gəlmişdi. Bu ailənin siyasi yaşamının əsası baba, tanınmış vəkil Motilal Nehru tərəfindən qoyulmuşdu. Baba Nehru ingilis müstəmləkəçiliyinə qarşı çıxan millətçi Ümumhindistan Milli Konqresinin aparıcı liderlərindən biri idi. İndiranın atası Cəvahirləl Nehru da öz atasının yolu ilə gedərək, Hindistan müstəqillik hərəkatının liderinə çevrilmişdi. İndira anadan olanda atası Cəvahirləl Nehru Mahatma Qandinin rəhbərliyi ilə başlanan müstəqillik hərəkatına qoşulmuş və tezliklə əfsanəvi liderin ən yaxın silahdaşlarından birinə çevrilmişdi.

Uşaq ikən evlərində keçirilən siyasi toplantıların şahidi olan İndira o zamanın ən məşhur simalarından olan Mahatma Qandi ilə yaxından tanış olmuş və onun təsiri altına düşərək siyasətə qatılmışdı. Bir az yaşa dolandan sonra o, gənclər arasında “Vanara Sena” hərəkatını qurdu. Hərəkat üzvləri ölkədə müstəqillik çağırışı ilə siyasi aksiyalar keçirir və bununla da ictimaiyyətin diqqətini özlərinə cəlb edirdilər. Eyni zamanda onlari Ümumhindistan Milli Konqresi fəallarının polisin təqiblərindən xilas olmalarına yardım edirdilər. İndira 18 yaşında olanda anası vərəm xəstəliyindən dünyasını dəyişdi. Həmin dövrdə o, təhsilini davam etdirmək üçün İngiltərəyə getdi. Elə orada da Ümumhindistan Milli Konqresinin üzvlərindən olan Feroz Qandi ilə tanış oldu. Bir çoxlarının hesab etdikləri kimi, İndira Qandi Mahatma Qandi ilə qohum deyildi. Bu soyad ona əslən fars (oda sitayiş edənlər) icmasından olan həyat yoldaşı Feroz Qandidən miras qalmışdı. Yeri gəlmişkən, fərqli dini təriqətlərə məxsus olduqlarına görə onların arasında rəsmi nikah qeyri-mümkün idi.

Amma bütün bunlara baxmayaraq, burada da İndira Qandi özünün sərt və dönməz xarakterini göstərdi. Cütlük 1942-ci ilin martında evləndi. 1944-də ilk oğlu Raciv, bir il sonra da Sancay dünyaya gəldi.

Hindistan müstəqilliyini əldə etdikdən sonra baş nazir olan atasına yardım etmək üçün İndira Dehliyə getdi. Feroz isə Allahabadda qaldı. Dehlidə İndira atasının həm katibi, həm də məsləhətçisi olaraq çalışmağa başladı. O, atası ilə birgə xarici ölkələrə səfərlərdə olur və bu səfərlər onun siyasi lider kimi püxtələşməsində önəmli rol oynadı.

1951-ci ildə müstəqil Hindistanda ilk azad seçkilər keçirildi. O, bu seçkilərdə həm atasına, həm də ayrı yaşamalarına baxmayaraq, əri Feroza yardım etdi. Feroz hökumətdəki korrupsiyaya qarşı mübarizəyə başladı və sığorta şirkətlərindən birində bununla bağlı ciddi nöqsanları üzə çıxardı. Onun bu mübarizəsi İndiranın atasının qurduğu hökumətdə maliyyə naziri vəzifəsini tutan şəxsi vəzifəsindən istefa verməyə məcbur etdi. Bu, İndira ilə Feroz arasında münasibətləri gərginləşdirdi və sonda onlar boşanmalı oldular. Az sonra Feroz infarkt keçirərək yatağa düşdü. Boşanmalarına baxmayaraq, İndira Kəşmirdə yaşayan keçmiş ərinin yanına gedərək bir müddət onun qayğısını çəkdi. Ərinin ölümündən sonra isə bütün həyatını siyasətə həsr etdi. 

1964-cü ildə atası vəfat etdi və bu vaxt o, baş nazir Şastrinin təklifini qəbul edərək informasiya və mətbuat naziri oldu.

Bu zaman ölkənin cənubunda hind dilində danışmayan əyalətlərdə üsyanlar baş verdi. Qandi bu səbəbdən də üsyan edən əyalətlərin ən iri şəhərlərindən olan Mədrəsə getdi və hökumət əleyhinə çıxışların yatırılmasına başçılıq etdi. Bu onu daha da şöhrətləndirdi. Artıq onun hakimiyyət zirvəsinə gedən yolu açılmışdı.
1966-cı ildə keçirilən parlament seçkilərində Qandi rəqibi Morarji Desaini qabaqlayaraq qələbə çaldı. Bununla da o, ölkənin müstəqilliyi tarixində 4-cü və ilk qadın baş nazir oldu. 

İndira Hindistanı nüvə dövlətinə çevirdi. SSRİ-yə yaxınlaşdı, Moskva Dehliyə xeyli hərbi yardım etdi.


Parlamentdə böyük səs çoxluğuna malik olan İndira ölkənin Konstitusiyasına dəyişikliklər etdi və daxili siyasətdə inqilabi təsir bağışlayan islahatlar həyata keçirdi. 1979-ci ildə keçirilən seçkilərdə Qandi yenidən qələbə çaldı. Hakimiyyətə qayıdan Qandi bu dəfə Pəncab əyalətində yaşayan əhalinin əksəriyyətini təşkil edən siqhlərin mərkəzdən ayrılma cəhdlərinin qarşısını almalı oldu. 5 il sonra, bu gün özü siqhlərin qurbanı oldu.


Yeri gəlmişkən, anasından sonra Baş nazir olan Raciv də onun aqibəti ilə üzləşdi. 1991-ci ildə “Tamil qaplanları”nın təşkil etdikləri sui-qəsd nəticəsində öldürüldü. 
İndira Qandi dəfələrlə SSRİ-yə səfər etmişdi. 1970-ci illərin əvvəlində Moskvaya növbəti səfərlərinin birində Qandi SSRİ-nin o vaxtkı rəhbəri Leonid Berejnevə Azərbaycana da getmək istədiyini bildirəndə Sov.İKP MK-nın Baş katibi təəccüblənir.

İndira Qandini Azərbaycana aparan səbəb isə  Bakıdakı “Atəşgah”ı məbədini ziyarət imiş. Sən demə, hələ 1950-ci ildə də atası ilə SSRİ-yə səfər edəndə Cəvahirləl Nehru onu Bakıdakı “Atəşgah”a aparıbmış.

İndira Qandinin Azərbaycandakı tarixi məkana ziyarəti təşkil olunur.

O,  Moskvadan Bakıya gələrək, Suraxanıya gedir və “Atəşgah” ziyarətini gerçəkləşdirir...

# 9696
avatar

Səbuhi Sədəf

Oxşar yazılar