Türkiyəli mafiya başçısı 53 yaşlı Məhəmməd Yakut həbsdən çıxandan qısa müddət sonra Almaniyada ölüb. Onun meyiti Şimali Reyn-Vestfaliya əyalətindəki Castrop-Rauxel şəhərindəki gecə klubunda tapılıb. Bildirilir ki, bu, son həftələrdə ikinci türk mafiya başçısının ölümüdür.
Lent.az xarici mediaya istinadla bildirir ki, Yakut Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və hakim AKP partiyasını tənqid edən cinayət dünyasının simalarından biri olub.
Polis araşdırmaya başlayıb.
Məlumata görə, Yakut gecə klubunun üst mərtəbəsində qəfildən dəhlizdə yıxılıb və onu xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, o, kokaindən istifadə edib.
Dortmund dövlət prokurorluğu meyitin yarılması işinə başlayıb və toksikoloji ekspertiza təyin edib. İlkin ehtimal qəfil ürək tutmasıdır. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Məhəmməd Yakutun digər mafiya başçısı Sedat Pekerlə 25 il dost olduğu iddia edilir.
Bundan əvvəl, may ayında Hollandiyada daha bir türkiyəli mafiya lideri Cəmil Önal güllələnərək öldürülüb.