Süni intellekt üz fotosundan  xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
08 noyabr 2026 10:37 (UTC +04:00)

Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir

0

Amerikalı alimlər adi üz fotosu əsasında onkoloji xəstələrdə ölüm riskini və sağqalma ehtimalını qiymətləndirə bilən süni intellekt sistemi hazırlayıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər FAHR-FaceSurvival adlı eksperimental süni intellekt modeli yaradıblar. Bu sistem xəstənin üz fotosunu təhlil edərək ölüm riskini və sağqalma ehtimalını statistik göstəricilər əsasında qiymətləndirir. Amerikalı tədqiqatçılar süni intellektin insanın xarici görünüşü ilə onun bioloji vəziyyəti və xəstəliyin inkişaf proqnozu arasındakı əlaqələri müəyyən edib-etmədiyini araşdırıblar. Bunun üçün onlar əvvəlcə FAHR-Face adlı baza modeli hazırlayıb, daha sonra onun əsasında iki fərqli alqoritm yaradıblar. Hər iki alqoritm eyni süni intellekt modelinə əsaslansa da, üzün müxtəlif xüsusiyyətlərini təhlil edir.

Araşdırma zamanı məlum olub ki, FAHR-FaceSurvival tərəfindən ən yüksək risk qrupuna daxil edilən xəstələr arasında ölüm göstəricisi ən aşağı risk qrupundakı xəstələrlə müqayisədə üç dəfədən çox yüksək olub. Bu əlaqə digər klinik amillər nəzərə alındıqdan sonra da özünü göstərib. Eyni zamanda, süni intellekt vasitəsilə insanın bioloji yaşının qiymətləndirilməsi də xəstəliyin gedişatını proqnozlaşdırmaq baxımından faydalı nəticələr verib. Belə ki, süni intellektin qiymətləndirməsinə görə, faktiki yaşından daha yaşlı görünən insanların xəstəliklə bağlı proqnozları orta hesabla daha əlverişsiz olub.

Maraqlıdır ki, iki alqoritm üzün fərqli nahiyələrinə diqqət yetirib. FAHR-FaceAge əsasən burun-dodaq qırışlarını, göz yuvalarının üzərindəki alın hissəsini və gicgahları təhlil edib. FAHR-FaceSurvival isə daha çox gözaltı nahiyələrdən və burun körpüsü ətrafındakı xüsusiyyətlərdən istifadə edib.

Hər iki modelin nəticələrinin birləşdirilməsi xəstələrin sağqalma ehtimalının statistik proqnozlaşdırılmasının dəqiqliyini artırıb. Bu isə onu göstərir ki, üzün görünən yaşlanma əlamətləri ilə ölüm riski arasında əlaqəli xüsusiyyətlər orqanizmin vəziyyəti haqqında fərqli məlumatlar verə bilər. Tədqiqatçılar həyat tərzinin süni intellekt tərəfindən müəyyən edilən üz yaşına təsirini də araşdırıblar. Məlum olub ki, siqaret çəkmək, həddindən artıq spirtli içki qəbul etmək və narkotik maddələrdən istifadə üzün daha yaşlı görünməsi ilə statistik baxımdan əlaqəlidir.

Mass General Brigham tibb sisteminin onkoloqu Raymond Makın sözlərinə görə, mürəkkəb müalicə üsulları təyin edilməzdən əvvəl həkimlər xəstənin fiziki imkanlarını və orqanizminin ehtiyatlarını qiymətləndirməlidirlər. Eyni yaşda olan və eyni diaqnozu daşıyan iki xəstə kimyaterapiyaya, şüa terapiyasına və ya cərrahi müdaxiləyə fərqli reaksiya verə bilər. Bu səbəbdən insanın təqvim yaşı heç də həmişə orqanizmin real vəziyyətini dəqiq əks etdirmir. Alimlər ümid edirlər ki, gələcəkdə üz fotolarının süni intellekt vasitəsilə təhlili həkimlərə xəstələrin sağlamlıq risklərini qiymətləndirməkdə kömək edəcək. Xüsusilə mürəkkəb tibbi müayinələrin nəticələri əlçatan olmadıqda bu texnologiya əlavə qiymətləndirmə vasitəsi kimi istifadə oluna bilər.

Bununla belə, tədqiqat eksperimental xarakter daşıyır. Süni intellektin üz fotosu əsasında verdiyi nəticələr fərdi xəstənin nə qədər yaşayacağını dəqiq müəyyən etmir və ənənəvi tibbi müayinələri əvəz etmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 108

Oxşar yazılar