Mərhum aktyor Fikrət Məmmədov
15 may 2021 15:06 (UTC +04:00)

Mərhum aktyor Fikrət Məmmədov

Giley dolu son məktub, tənha ölüm, unudulan qəbir - Məşhur aktyorun ürəkdağlayan HƏYAT HEKAYƏTİ

"Fəryad" filmində "Tut ağacı boyunca" mahnısını oxuyan erməni obrazı yadınızda?

Hansı ki, "Tut ağacı boyunca" mahnısını erməni xalq mahnısı olduğunu bildirərək Ceyhun Mirzəyevin qəhrəmanını- İsmayılı özündən çıxarır. Hə, Aşotu deyirəm. Bu gün ondan danışacağıq. Bu obrazı canlandıran Fikrət Məmmədovdan. Dostlarının “Fika” deyə çağırdığı Fikrətdən.

O Fikrət ki, Azərbaycanın məşhur musiqi xadimi Ağası Məşədibəyovun nəvəsi, "Azərbaycanfilm"in film direktoru Əli Məmmədovun oğludur.

Ziyalı ailədə böyümüşdü Fikrət. Elə bu ailədə doğulması və ziyalıların əhatəsində böyüməsi onu gələcəyin istedadlı aktyoru etmişdi. Sergey Gerasimov adına Ümumittifaq Dövlət Kinomateqrafiya İnstitutunun məzunu olub. Həm də məşhur pedaqoq Matveyevin kursunu bitirib. Bu sənətkar haqqında daha nələr, nələr var imiş. Bizə məlum olmayan.

Prodüser və yazar Vasif Ayan danışır bizə onun haqqında. Fikrət Məmmədovla yaxın münasibəti olan üç-beş adamdan biridir Vasif. Elə mərhum sənətkarın həyatı ilə bağlı bir çox məqamları da o bilir. Bəzilərinə isə lap şahid də olub.

Mərhum aktyor Fikrət Məmmədov və prodüser Vasif Ayan

“Yaxşı yadımdadır. Bir dəfə bazar günü axşam, verlişimin  gergin çəkilişlərini bitirib qayıdırdım. Yorğun idim. “Tarqovı”  ilə hava qəbul edə-edə gəzirdim. Gördüm qarşıdan Fika ( aktyor Fikrət Məmmədov) gəlir. Ürəyim açıldı. Çünki Fika mənim adamımdır. Sovet kino məktəbinin canlı əfsanələrindəndir. Məşhur pedaqoq Matveyevin kursunu bitirib. Fika ilə 1 saata yaxın söhbətlər etmişdik. İnanın, bütün yorğunluğu unudub bu istedadlı insanın oxuduğu çoxsaylı kitablar, filmlər və Ümumittifaq Dövlət Kinomateqrafiya İnstitutunun təhsil sistəminin ciddilik və keyfiyyətindən bir xeyli söhbətlərini dinlədim. Sergey Bondarçukdan müəllimi Matveyevə qədər bir çox böyük sənətkarları xatırladıq”.

Kino tarixinə adını yazdırmış dahi şəxsiyyətlərdən olan Sergey Bondarçukdan təhsil alıb Fikrət Məmmədov. Elə bu? Əlbəttə ki, yox. Aktyorun təhsil aldığı illərdə bir çox şəxsiyyətlər dərs deyirmiş institutda.

“Bir gün Fikanı dostumla birgə ziyarət etməyə getdim. Fika ÜDKİ- də təhsil alarkən Matveyev, Bondarçuk, Batalov, Gerasimov, Lioznova  pedaqoq kimi orada dərs deyirdilər. Onların hər biri öz sahəsinin sənətkarı idi. Deməli, Fika xatırlayır ki, 1975-76 cı illərdə Matveyevin kursunda oxuyanda imtahan zamanı Sergey Bondarçukun gözü iki azərbaycanlını tutur. Bunlardan biri Fika idi. Bondarçuk o dövrdə kinostudiyanın drektoru Cəmil müəllimə deyib ki, bu iki gənci mən birbaşa 3 cü kursa götürüm. Nədənsə bu danışıq baş tutmayıb. Fika özü Bondarçukun kursunda təhsil almağı arzulayırmış. Həmin zamanlar Bondarçuk dünyanın qəbul etdiyi rejissor sayılırdı və "Onlar vətən uğrunda döyüşürdülər" filmini çəkirdi. Fika deyir ki, dərslər arası fasilə zamanı dəfələrlə Sergey Bondarçukla birgə siqaret çəkib, həyatdan, teatrdan, təhsildən danışıblar”.

Mərhum aktyor Fikrət Məmmədov və prodüser Vasif Ayan

Bəli, Fikrət, dahi Bondarçukla təmasda olan tək-tük azərbaycanlılardan imiş. Həmin illərdə başına maraqlı hadisələr çox gəlib. Dostlarına da elə daha çox o xatirələrdən söhbət açıb.

“ÜDKİ-də oxuduğu illərdən söhbət düşəndə gözləri parıldayırdı. Bir dəfə mənə dedi ki, Vasif, deməli, bir dəfə bizi "Baharın on yeddi anı" filminin rejissoru kimi tanıdığımız Tatyana Lioznova otaqdan qovmuşdu. Dedim, "Ay Fika, o boyda sənətkarın dərsində nə etmisiz ki, sizi qovub? Elə böyük rejissorun dərsində iştirak etmək özü bir şansdır". Fika dedi: "Ömür Nağıyevlə bir yerdə qərara aldıq ki, gedib onun dərsində oturaq. Keçib arxada əyləşdik. Başladıq öz aramızda zarafatlar etməyə, səs salmağa, gülməyə. Tatyana Lioznova əsəbləşdi. Dedi, Fikrət siz bütün dərsi pozdunuz. Tez bu dəqiqə çıxın ikiniz də otaqdan". Biz də otaqdan çıxdıq.".

*

"Bir dəfə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində bir mahnı zümzümə edirdim. Orda mənə Nikolay Sliçenko yaxnlaşdı.  Sliçenko “Romen” Qaraçı Musiqili Dram Teatrının bədii rəhbəri idi. Mənə dedi ki: "Sən mənim teatrıma gələ bilərsən?" Dedim; "Əlbəttə, gələrəm". O, boyda məşhur adama nə cavab verəcəkdim, təbii razılaşdım. Elə də oldu, teatra gəldim. Paltomun cibində 5 manat rul var idi. O vaxtlar da 5 manat yaxşı pul idi. 5 manatdan əlavə qəpik-quruş da qalmışdı. Paltomu çıxarıb qarderoba asdım. Gəldim Sliçenkonun otağına. Məni yaxşı qarşıladı. Dedi ki, "Bizimlə işləmək istəyərsən?" Ona dedim ki, mən axı hələ təhsil alıram? Sliçenko dedi: "Nə olsun ki?". Dedim: "Həm də Bakıda "Azərbaycanfilm" ilə işlərim olur." Sliçenko dedi ki, zərər yoxdur, o, problem deyil. Bizimlə işləyərsən? Bir anlıq qaldım qərarsız. Sliçenkonun da həyat yoldaşı Azərbaycanlı aktrisa Tamilla Ağamirova idi. Nəsə mən qərar verə bilmədim, çünki "Qaraçı Teatri"ında nəsə özümü orda görə bilmədim. Sliçenkoya dedim ki, olarmı mənə bir gün vaxt verəsiniz, mən düşünməliyəm. Sliçenko dedi ki,  həftənin sonuna kimi cavab gözləyəcəm, gələrsən. Sağollaşıb gəldim qarderobdan paltomu geyinib, teatrdan çıxdım. Hava soyuq idi. Məni də görüşdüyüm qız var idi,  gözləyirdi. Əhvalım yaxşı, yolda düşünürəm ki, bir tort alaram, bir də şampan, qızla maraqlı gün keçirərik. Gəldim şirniyyat dükanına. Əlimi cibimə atdım, 5 manat nə gəzir. 5 manat yoxdu... Qaraçılar pulu götürüblər. Ondan sonra bir daha o Teatra getmədim. (Gülür)

*

Mərhum aktyor Fikrət Məmmədov və prodüser Vasif Ayan

65 illik ömrünün yarıdan çoxunu sənətinə həsr edən aktyor, 35 filmə çəkilib. Bunlara  "Şir evdən getdi", "Pəncərə", "Yaramaz", Gümüşgöl əfsanəsi", "Sahilsiz gecə"  kimi sevilən filmlər də daxildir. Təkcə sənətdə yox, həyatda da bəxti gətirirdi.  Necə deyərlər, dünyanın düz vaxtı onun Bakıda üç evi olub. Təsəvvür edirsiz?! Sonra həyat elə gətirib ki, o evləri satıb, uzun müddət Moskvada yaşayıb. Bir az da qeyri-adi həyat tərzi sürüb. Bütün bunlar daha sonra onun həyatına fəlakət gətirir. 2002-ci ildə avtoqəzaya düşür, çənə sümüyü sınır. Bundan sonra danışığında problemlər yaranır. 

“Bəlli məsələdir ki, onun ailədə problemləri var idi. Həm də çox böyük problemlər. Sonra da həyat yoldaşı və oğlu onunla əlaqəni kəsdi. Bu artıq neçə illər idi ki, belə davam edirdi. Ailəsi onu qəbul etmədi. Əgər ailəsi imtina etməsəydi, o, ömrünün son günlərini qocalar evində keçirməli olmazdı. Onun sonuncu dəfə kirayə qaldığı ev var idi. "İnqilab"da yerləşirdi. Keçən il biz ora getmişdik. Evi də onun dostu Rəşad tutmuşdu. Elə evə də onunla birlikdə getdim. Oturduq çay içdik, xeyli söhbətləşdik. Moskvada oxuduğu illərdən danışdı. Mən də səsini yazdım. Çünki bilirdim ki, onun yaxşı xatirələri var.

Qaldığı ev balaca bir otaqdan ibarət idi. Dostu Rəşad ona çox köməklik edirdi. Kino evindən cüzi maaş alırdı. Bir də Fikrət təxminən 3 ilə yaxın "Ol Teatrı"nda həm çalışıb, həm də elə orda yaşayıb”.

Mərhum aktyor Fikrət Məmmədov və dostları

Vasif Ayan deyir ki, çox istərdim ki, onun kimi peşəkar aktyor, pedaqoq, ən əsası da gözəl insan çoxlu tələbələr yetişdirsin. Amma yetişdirə bilmir. Çünki həyatın onun üçün qurduğu başqa planlar var idi. Bronxial astma xəstəliyindən əziyyət çəkən aktyor ömrünün son illərini Bilgəhdə yerləşən “Qocalar evi”ndə yaşayıb.

“Həmin evdə çox qalmadı Fika. Maddi durumu yol vermədiyinə görə, o, qocalar evinə yerləşmək qərarı verib. Çox təəssüf edirəm ki, qocalar evində olarkən onun yanına gedə bilmədim. Amma telefonla danışırdıq. Yanvarda onunla yazışdıq. Son yazışmamız idi. Vəziyyətini və ordakı şəraitini öyrəndim. Mənə son yazdığı sözlər bunlar idi: "Bilgəhdəki "Qocalar evi"ndəyəm. Rahatliq və sakitlik; bu iki söz bura üçün dünyaya qəlib. Ancaq iki aydan sonra başa düşürsən ki, bu başqa həyatdir, bu başqa bir dünyadır, bu başqa bir... ümumiyyətlə sondur. Bir tərəfdən tənhalıq, bir tərəfdən bir çox insanın tragediyaları. Burada çox şey var..."

Mərhum aktyor Fikrət Məmmədovun Bilgəhdə yerləşən “Qocalar evi”ndə yaşadığı otağı

Son illərini tənha və səfil yaşayır. Danışmaq istəyirdi. Söhbət etməyi bu qədər çox sevən insanın söhbətləşəcək bir kimsəsinin olmaması bəzən fəlakətə bərabər olur. Buradakı insanlarla nədən danışa bilərdi axı? Hansı filmdən? Hansı şəxsiyyətdən? Belə bir mühitdə bundan artıq yaşaya bilməzdi. Amma bəlkə də bu qədər tez ölməzdi...  Hə, dondan-dona girib obrazlar canlandıran, qulaqları alqış səsinə alışan aktyorun sakitliyə nə qədər dözümü olardı axı? Sevilən aktyor zamanla unudulanlar siyahısına düşür. Və ömrünün 65-ci yaşında, aprel ayının 5-də gözlərini əbədi yumur dünyaya.

Bu gün aktyor Fikrət Məmmədovun ölümündən 40 gün keçir. İndi ondan geriyə nə bir əşyası var, nə də ona aid olan otağı. Qəbri var. “Qocalar evi”nin qəbiristanlığında. Doğmalarının heç vaxt ziyarətinə gəlməyəcəyi bir qəbri...

Mərhum aktyor Fikrət Məmmədovun Bilgəhdə yerləşən “Qocalar evi”ndə yaşadığı otağı

Mərhum aktyor Fikrət Məmmədov və dostları

Mərhum aktyor Fikrət Məmmədov və Prodüser Vasif Ayan

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 37200
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar