Zərdabda qəzaya düşənlər bir ailənin üzvü olublar.
Lent.az xəbər verir ki, qəzada ölən 3 və 14 yaşlı qızlar sürücünün, digər 4 yaşlı qız isə qohumunun övladıdır.
***
09:31
Zərdabda baş verən qəzada ölü sayı artıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a bildirilib ki, hadisə nəticəsində xəsarət almış daha bir nəfər səhər saatlarında vəfat edib.
***
09:17
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.
***
00:24
Zərdab rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Zərdab rayonunun İşıqbağı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VGV U75 Plus" markalı minik avtomobili yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 2 nəfərin öldüyü və 6 nəfərin isə xəsarət aldığı bildirilir.
Xəsarət alan şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.