Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən daha bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
APA-nın xəbərinə görə, Nazirliyin yaydığı məlumatda bildirilir ki, dağıntılar altında qalan şəxsin olmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.
Qeyd edək ki, Nazirliyin qəza-xilasetmə qüvvələrinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas olunub, 2 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
15.12
Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan daha bir nəfərin meyiti tapılıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, FHN xilasediciləri azyaşlının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmin şəxsin 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı olduğu bildirilir.
Qeyd edək ki, ötən gün axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub.
FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 1 nəfərin cəsədini çıxarıblar.