Yanvarın 25-i axşam saatları...
Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllədə yaşayan Musayevlər ailəsi heç bilməzdilər ki, ən acılı günlərini yaşayacaqlar.
Belə ki, adı çəkilən ərazidə 61 yaşlı Ziyafət Musayevaya məxsus ikimərtəbəli ev partlayış nəticəsində yerlə yeksan oldu. Partlayış dalğasının təsirindən yaxınlıqdakı beşmərtəbəli binanın pəncərələri, qonşu evin qapı-pəncərəsi tamamilə dağılmışdı. Ən pisi isə irəlidə idi...
Dəhşətli partlayış nəticəsində əslən Ağstafadan olan ailə 33 yaşlı gəlinləri Aytən Musayevanı və 9 yaşlı nəvələri Fatimə Musayevanı itirdi.
Hadisə yerində olarkən Lent.az-ın əməkdaşına danışan qonşu binanın sakini Hüseyn dayı bildirdi ki, partlayışın səsini bazarın yaxınlığında olarkən eşidib:
“Axşam saat 7-ə qalmışdı, işdən qayıdırdım. Bazarın yanında olanda elə möhkəm partlayış oldu ki, qaça-qaça gəldim. Birinci Qarabağ müharibəsində iştirak etmişdim, amma heç orda da belə səs eşitməmişdim. Evdə 38 yaşlı Vüsal Musayev, onun yoldaşı 33 yaşlı Aytən Musayeva, 10 yaşlı Firudin Musayev, 9 yaşlı Fatimə Musayeva var idi. Bundan əlavə, qonşudan 1 qadın və 2 qız da olub. Qonşular hərə bir tərəfdən köməkləşib evdə olanları çıxartmağa çalışdıq. Artıq saat 7 idi ki, Aytənin meyiti və digər sağ qalanları da evdən çıxara bildik. Hazırda onlar xəstəxanaların birində müalicə alırlar. Amma təəssüf ki, Fatiməni tapa bilmədik. Onun tapılması üçün xüsusi it gətirsələr də, mümkün olmadı. Ev yiyəsi Ziyafət xanım hadisə zamanı Ağstafada idi. Vüsal adını bilmədiyim şirkətlərdən birində işləyirdi. Ailəliklə sakit, mehriban adamlar idi”.
Ziyafət xanım saat 11 radələrində hadisə yerinə gəldi. Dağılmış evi, üstəgəl azyaşlı nəvəsinin hələ də tapılmadığını görən Ziyafət nənə elə hey “ay Allah” deyib ağlayırdı. Axtarışlar isə təbii ki, davam edirdi. Demək olar ki, xilasetmə əməkdaşları bir saniyə belə axtarışı dayandırmadılar. Dağıntıların qalaq-qalaq yığılması səbəbindən azyaşlı Fatimənin tapılması da çətinləşirdi. Təxminən 3 dəfə xilasetmə itləri əraziyə gətirilib qaytarıldı. Hamı intizarla 3-cü sinif şagirdi olan Fatimənin çıxarılmasını gözləyir, onun möcüzə ilə də olsa, sağ qalması üçün dualar edirdi...
Nəhayət, FHN əməkdaşları xilasetmə işlərini dayandırdıqlarını və azyaşlının təəssüf ki, cansız cəsədinin tapıldığını bildirdilər.
Musayevlər ailəsinin evindən geriyə qalan görüntülər isə ürək sızladır, Fatimənin və Firudinin dəftər-kitabları, Fatminənin oyuncaq quzusu və bir də nənənin naləsi...