Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Türkiyənin zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər əməliyyatlara başlayan xilasedicilər indiyədək 5 nəfərin cəsədini dağıntılar altından çıxarıb.
Bundan başqa bir nəfər dağıntılar altından xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
***
Saat: 11:31
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində 1 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.