Prokurorluq Xəzərdə batan neftçilərlə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, avqust 24-də Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər Dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.
***
24 avqust, saat 13:00
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) iki əməkdaşı beton plitələrin çökməsi nəticəsində dənizə düşüblər.
Bu barədə Lent.az-a “Azneft”dən məlumat verilib.
Bildirilib ki, NQÇİ-nin birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən "Neftqaztikinti" trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan Ataş oğlu və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Nərimanov Şamo Mətləb oğlu beton plitələrin çökməsi nəticəsində dənizə düşüblər.
“Azneft”dən bildirilib ki, aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb.