Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, may ayının 5-i, axşam saatlarında rayonun Kebeloba kənd sakinləri, 1996-cı il təvəllüdlü Zəngiyev Süleyman Rauf oğlu, 1988-ci il təvəllüdlü Bölöyev Həbib Rəşid oğlu və Car kənd sakini Abdullayev Aydın Məhərrəm oğlu bədənlərinin kəsilmiş və deşilmiş bıçaq yarası ilə xəstəxananın qəbul şöbəsinə daxil olublar.
Bədənin sağ kürək nahiyyəsindən daxilə nüfuz edən iki kəsilmiş və deşilmiş bıçaq xəsarəti alan Süleyman Zəngiyevin üzərində əməliyyat aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Süleyman Zəngiyevin vəziyyətinin ağır olduğu bildirilir. Həbib Bölöyevin və Aydın Abdullayevin xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Üç nəfərin nəməlum şəraitdə bıçaqlanması faktı ilə bağlı Zaqatala rayon Polis ŞöbəsindənAPA-ya verilən məlumata görə, baş vermiş hadisə ilə əlaqədər rayon PŞ-də cinayət işi başlayıb, yuxarıda adıları qeyd olunan şəxslərin harada və hansı şəraitdə, kim və yaxud kimlər tərəfindən bıçaqlanması araşdırılır.