Baş prokuror Zakir Qaralov aprelin 25-də Mingəçevir şəhərində vətəndaşları qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Mingəçevir şəhər Prokurorluğunun inzibati binasında keçirilən qəbulda Mingəçevir şəhəri, Yevlax, Bərdə, Ağdaş, Ucar və Zərdab rayonlarından olan vətəndaşlar iştirak edib.
Qəbuldan əvvəl baş prokuror Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib. Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 40-dan artıq vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.
Gün ərzində Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib.
Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.