Baş Dövlət Yol Polisi İdarəsi millət vəkili Aydın Mirzəzadənin avtomobilinin qəza törətməsi hadisəsinə münasibət bildirib. İdarənin şöbə rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, qəza zamanı deputatın avtomobilini sürücüsü idarə edirmiş: “Hələ dəqiq bilinmir ki, təqsir kimin üzərindədir. Araşdırma aparılmalıdır və bütün məqamlar dəqiqləşdirilməlidir. Baş vermiş hər bir ölüm faktı ilə əlaqədar cinayət işi açılır və istintaq aparılır. Hazırda bu qəza ilə bağlı da istintaq aparılır. Əgər istintaqın gedişində zərurət yaranarsa, piyadanı vurmuş avtomobildə sərnişin qismində olan şəxs və ya şəxslər də ifadə verə bilər. Əlbəttə ki, ancaq zərurət yarandıqda...”
Qeyd edək ki, qəza Bakı-Astara yolunun 72-ci km-də, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində baş verib. Aydın Mirzəzadəyə məxsus və sürücü Faiq Qocayevin idarə etdiyi 10 TD 199 dövlət nömrə nişanlı, “Honda Accord” markalı avtomobil piyada 1955-ci il təvəllüdlü Mariya Cavadovanı vurub və qadın hadisə yerindəcə keçinib.
Hadisə vaxtı maşında sərnişin qismində millət vəkilləri Aydın Mirzəzadə və Elman Məmmədov olub.