Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini öldürməkdə təqsirləndirilən Ziya Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi elan olunub.
Məhkəmə baxışı sentyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 20-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Tərtər rayon sakini Z.Əzizovun yaşadığı qəsəbədə yerləşən yataqxanaya verdiyi pul borcunu almağa gəlmiş bacısının əri, Bərdə rayon sakini Vasif İsmayılovla aralarında münaqişə yaranıb. Daha sonra Z.Əzizov bıçaqla V.İsmayılova xəsarət yetirərək, hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş V.İsmayılov orada ölüb.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əzizov tutulub.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur