Respublikanın daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində Yevlax şəhərində baş verən qətl hadisəsinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, fevralın 21-də Yevlax rayonunun Ərəbbəsrə kəndi ərazisində kənd sakini Tahir Qafarovun gözətçi işlədiyi yerin yaxınlığındakı ərazidə güllə yarası ilə qətlə yetirilməsi barədə məlumat daxil olub. Dərhal daxili işlər və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb.
Aparılan tədbirlər nəticəsində T. Qafarovu münaqişə zəminində ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Habil Mirzəyev saxlanılıb.
Yevlax Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.