Bakının Yasamal rayonunda 1977-ci il təvəllüdlü Vüqar Sultan oğlu Bayramovun mənzilindən meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 37 yaşlı V. Bayramov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə qalxaraq pəncərədən daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində V. Bayramovun vəfat etdiyi müəyyən edilib.