Ümidi hər yerdən üzülən ailə falçılara üz tutub
Bu yazıda sizə 5 balıqçının taleyindən bəhs edəcəyik. Artıq 9-cu aydır ki, onların ailə üzvlərinin gözləri yoldadır və geri dönəcəkləri günü gözləyirlər. Söhbət 2012-ci ilin dekabrında itkin düşən balıqçılardan gedir.
İtkin düşən balıqçılardan 3 nəfəri Neftçalanın Bankə qəsəbəsindən, 1-i Bakıdandır, digəri isə Dağıstan vətəndaşıdır. Onların ən yaşlısı haqqında geniş söhbət açacağımız Məmmədağa kişidir, digərləri gənclərdir, sıralarında azyaşlı uşağı olanlar da var...
Balıqçılardan biri Məmmədağa Nağıyev 1964-cü ildə Neftçala rayon Bankə qəsəbəsində anadan olub. 2 uşaq atası olan Məmmədağa kişi ailəsini dolandırmaq üçün illər imiş ki, balıqçılıqla məşğul olurmuş. 2012-cü ilin 20 dekabrında növbəti dəfə balıq ovuna çıxıb və 4 nəfər digər balıqçı yoldaşı ilə bərabər dənizə gedib. Ancaq bu, adətən 10-15 gün dənizdə balıq ovlayıb geri dönən balıqçıların son gedişi olub.
Həyat yoldaşı Gülnarə Nağıyeva danışır ki, getdikləri müddətdə Məmmədağa kişi evə 3 dəfə zəng edib, 30 dekabrdan isə onunla əlaqə birdəfəlik kəsilib. “Deyirlər həmin gün dəniz küləkli və fırtınalı olub. Ova getdikləri baydanın sponsoru Nofər Alxaza - gəmi komandirinə zəng edib ki, ”kömək edin, biz batırıq". Hələ mesaj da yazıb kömək istəyib". G.Nağıyeva deyir ki, onlar balıqçı baydası ilə tutduqları balığı gətirib Alxasın (soyadını dəqiqləşdirə bilmədik-E.P.) kapitan olduğu gəmiyə verirmişlər. Köməyi də məhz həmin gəmidən istəyiblər.
Bir müddət sonra balıqçıların istifadə etdiyi gəmi - bayda tapılıb. Həmin baydada balıqçılardan birinin telefonu da qalıbmış. Bundan sonra Qazaxıstan tərəf 5 nəfər balıqçının batdığı barədə açıqlama yayıb. Ancaq balıqçıların nə ölüsü, nə dirisinin aşkarlanmaması səbəbindən onların doğmaları Qazaxıstandan gələn xəbərə şübhə ilə yanaşır. Hətta qanunsuz balıq ovu ilə məşğul olan və Qazaxıstan sularına daxil olan balıqçıların saxlanıldığı, “qul kimi işlədildikləri” barədə şayiələr də yayılıb.
Məmmədağa kişinin həyat yoldaşı hadisə ilə bağlı telekanallara müraciət edib, çəkilişlər olub, axtarış isə ilkin günlərdə sadəcə medianın hesabına aparılıb. G.Nağıyeva deyir ki, FHN-in xilasedicləri də axtarışlara başlayıb, lakin onların axtarışları heç bir fayda verməyib: “Əgər batıblarsa, heç olmasa 5 nəfərdən birinin cəsədi üzə çıxmalıydı. Şükürün 3 körpəsi qalıb, Amil kişinin 1 övladı var, dağıstanlı Maqadır isə baydanı sürən şəxsdir. Baydanın sponsoru da Nofərdir”.
G.Nağıyeva deyir ki, balıqçılar rəsmi qurumlardan yalnız kilkə balığının ovuna icazə alıblar və 10 ilə yaxın idi balıqçı dostlar bu işlə məşğul olurdular: “Adətən Qazaxıstan, Dağıstan sahillərinə qədər gedib çıxırdılar”.
Məmmədağa kişinin yeznəsi Faiq Nəzərov da burada şübhəli məqamların olduğunu vurğulayır: “Deyirlər baydanın - gəminin yiyəsi Nofərin Qazaxıstan tərəfə uzun müddətdən bəri külli miqdarda - eşitdiyimə görə 180 min dollar borcu olub. Ancaq bu borcu ödəməyib. Borcla bağlı da iki versiya var, ya vaxtilə balıq alınıb, onun haqqını ödəməyib, ya da gəmi tutulubmuş, qazaxıstanlı gəmini buraxdırıb. Burda bir ehtimal var ki, ola bilər bunlar heç batmayıb, Qazaxıstan sularında girov götürülüblər”.
Gözləri aylardır yolda qalan ailənin əli hər yerdən üzüldüyü üçün üz tutur falçılara: “Ümidsiz qaldığımızdan falçılara getdik. Falçılar dedilər bunlar sağıdır, amma çarəsiz yerdədirlər, qaldıqları yerdən çıxa bilmirlər. Hər ay deyirlər gələn ay gələcək. Apreldə mənə nömrəsiz 3-4 ardıcıl zəng gəldi. Ha qışqırdım, səs gəlmədi, mən də dedim yüz faiz odur. Sonra o əlaqə də kəsildi. 8 ildir gəmidə işləyirdi, heç vaxt belə şey olmamışdı. Ancaq balaca baydalarda ilk dəfəydi balığa gedirdi. İki qızımın, nəvələrimin gözləri yolda qalıb...” Bunları deyib qəhərlənir, göz yaşları danışmağına imkan vermir biçarə xanıma.
Ümid edək ki, əlaqədar təşkilatlar axtarışları davam etdirəcək, qonşu ölkələrin əlaqədar qurumlarına da sorğular göndərib bu müəmmaya aydınlıq gətirməklə 5 ailənin gözü yolda qalan üzvlərinə, nəhayət, bir xəbər verəcəklər.
Yeni Müsavat