Tanınmış rejissor, xalq artisti Mərahim Fərzəlibəyov Bakı şəhər Prokurorluğunun müstəntiqi tərəfindən dindirilib. Lent.az-ın məlumatına görə, M.Fərzəlibəyov fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə 2003-cü ildə etdiyi telefon zənginə görə istintaqa çağrılıb.
M.Fərzəlibəyov Lent.az-a istintaq tərəfindən dindirildiyini təsdiq edib: “Mənim qızım orada oxuyub, buna görə də 2003, ya 2004-cü il idi, Elşad Abdullayevə zəng eləmişdim ki, qızım dərsə gələ bilmir. Söhbətimiz qızımın təhsili ilə bağlı olub”.
M.Fərzəlibəyov onu da bildirib ki, həmin müddətdə Elşad Abdullayevlə telefon danışığı olmuş hər kəs istintaq tərəfindən dindirilir və onların Elşad Abdullayevlə nə barədə danışması araşdırılır.
Qeyd edək ki, M.Fərzəlibəyovun qızı ABU-da təhsilini başa çatdıra bilməyib və 3-cü kursda təhsilini yarımçıq dayandırıb.