Ucarda baş verən dəhşətli qəzada yanaraq ölən şəxslərin kimliyi müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, “BMW“ markalı avtomobilin Əlikənd kəndində aşaraq yanması nəticəsində ölən şəxslər Qazıqumlaq kənd sakinləri, 1981-ci il təvəllüdlü Qədirov Çingiz Şəmil oğlu, 1984-cü il təvəllüdlü Qədirov Tapdıq Qədir oğlu və 1987-ci təvəllüdlü Kərimov Vasif Sahib oğludur. “BMW” markalı avtomobil Çingiz Qədirova məxsus olsa da, hadisə baş verərkən onun kim tərəfindən idarə edilməsi məlum deyil.
Faktla cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
*****
05:36
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ucar rayonu, Əlikənd kəndində (rayon mərkəzindən 18 km aralı) "BMW" markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb və yanıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının kəşfiyyatı zamanı avtomobildə sürücünün və şəxsiyyətləri məlum olmayan 2 nəfər (kişi) sərnişinin yanmış meyitləri aşkar olunub. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış 3 nəfərin meyitini xüsusi kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarıb və aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 00:50-də başa çatıb.