Üç qardaşı qanına qəltan edən şəxslərə hökm oxundu
29 dekabr 2014 11:27 (UTC +04:00)

Üç qardaşı qanına qəltan edən şəxslərə hökm oxundu

Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Bakı şəhər sakinləri - Knyaz Knyazov, Anar Eminov və Emin Mirzəyevin apelyasiya şikayətləri və istintaq orqanının apelyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Baş Prokurorluğun protesti təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, təqsirləndirilən şəxslərin barəsində yeni ittiham hökmü çıxarılıb. Yeni hökmə əsasən, Anar Eminov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib və barəsində qəti olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa məhkəmə barəsindəki cinayət işinə xitam verilən Emin Mirzəyevin də barəsində yeni hökm çıxarıb. O, Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilib və barəsində 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Emin Mirzəyev məhkəmə zalından həbs edilib.

 

 

Qeyd edək ki, 2012-ci ilin martın 2-də, saat 17:00 radələrində Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 5 saylı binanın qarşısında qəsəbə sakinləri Emin Mirzəyevlə Kamran Xamıyev arasında mübahisə baş verib.  Emin Mirzəyev mobil telefonla dostu Cəfər Abbasova zəng vuraraq köməyə çağırıb, bir müddət sonra onların tanışları Cəfər Abbasov, Knyaz Knyazov, Anar, Hüseyn və İlkin adlı şəxslər hadisə yerinə gəliblər. Onlarla Kamran Xamıyev və onun qardaşları Orxan və Fərrux arasında baş vermiş münaqişə zamanı Knyaz Knyazov bıçaqla Orxan Xamıyevə çoxsaylı xəsarətlər yetirib.
Eyni zamanda Fərrux və Kamran Xamıyevlər də müxtəlif xəsarətlər alıblar. Orxan Xamıyev xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən ölüb, qardaşları Kamran və Fərrux isə xəstəxanaya yerləşdiriliblər.


İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, kütləvi davaya səbəb 252 nömrəli orta məktəbdə Kamran Xamıyevin video çəkiliş aparması olub. Məktəbə tədbir çəkməyə gələn Kamrandan Emin Mirzəyev çəkiliş aparmamasını tələb edib. Kamran Eminə onun sifarişi ilə işləmədiyini deyərək çəkilişinə davam edib. Sonra tərəflər arasında mübahisə düşüb. Emin davaya dostlarını, Kamran isə qardaşlarını çağırıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Eminov 11 il, Knyaz Knyazov 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilən Emin Mirzəyevin əməlində cinayət tərkibi olmadığından onun ittiham olunduğu maddə üzrə cinayət işinə xitam verilib.


Anar Eminov və Knyaz Knyazov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) Emin Mirzəyev isə həmin məcəllənin 132-ci (döymə) maddəsi ilə ittiham ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsi, Baş Prokurorluq isə onların cəzalarının ağırlaşdırılması tələbi ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət ediblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 143

Oxşar yazılar