Nəsimi Rayon Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətlə bağlı bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, məhkəmədə müdafiə tərəfi bildirib ki, T. Yaqublunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət veriblər. Lakin məhkəmə həmin vəsatəti təmin etmədiyindən, qərardan apellyasiya şikayəti verilib: “Qanunvericiliyə uyğun olaraq həmin apellyasiya şikayətinə baxılmadan istintaq orqanın həbs-qətimkan tədbirinin müddətini uzatmaq barədə verdiyi təqdimata baxıla bilməz. Bunun üçün də proses martın 18-nə təxirə salındı”.
Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. Məhkəmə T. Yaqublu və İ. Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.