Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılıb.
Vəkil Akif Əlizadənin APA-ya verdiyi məlumata görə, məhkəmədə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, T. Yaqublu barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Həmin qərardan isə apellyasiya şikayəti verilib.
Xatırladaq ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. Məhkəmə T. Yaqublu və İ. Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.