Tofiq Yaqublunun məhkəməsindən dönərkən İsmayıllı rayonunda ağır yol qəzasında yaralanan Maya Yaqublu (Tofiq Yaqublunun həyat yoldaşı) və maşının sürücüsü Çingiz Əli Bakıya gətirilir.
Bu barədə məlumatı Musavat.com-a Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu verib. Onun sözlərinə görə, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri İsmayıllıdadırlar. Onlar yaralıları müayinə etdikdən sonra bel qənaətə gəliblər ki, rayon xəstəxanasında müalicənin aparılması üçün şərait yoxdur. Ona görə də Maya Yaqublu və Çingiz Əlinin Bakıya gətirilməsi qərara alınıb. Onların müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında aparılacaq.
Qeyd edək ki, İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının binası təmirə bağlandığından, xəstəxananın personalı müvəqqəti olaraq başqa binada yerləşdirilib. Orada isə normal şərait yoxdur.
***
00.49
Nərgiz Yaqublunun musavat.com-a verdiyi son məlumata görə, hazırda Maya Yaqublunun vəziyyəti yaxşıdır. Maşının sürücüsü, Müsavat Partiyasının Binəqədi rayon təşkilatının üzvü Çingiz Əli isə rentgen müayinəsindən keçir.
Yanvarın 21-də Müsavat başqanının müavini Tofiq Yaqublunun ailəsi Şəki məhkəməsindən geri - Bakıya dönərkən avtomobil qəzasına düşüb.
Lent.az-ın məlumatına əsasəy, hadisə yerində olan AzadlıqRadiosunun müxbiri bildirib ki, qəza İsmayıllı rayon mərkəzinin 5 kilometrliyində, Xanagah kəndi ərazisində baş verib:«Duman olduğundan sürücü idarəetməni itirib və maşını yol kənarındakı ağaca çırpıb».
Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu ilə sürücü Çingiz Əli İsmayıllı rayon xəstəxanasına yerləşdirilib.
Vəkil Xalid Bağırov isə burnundan yüngül yaralanıb.
Yanvarın 21-də Şəkidə İsmayıllı hadisələri zamanı həbs olunanların növbəti məhkəməsi keçirilib. Tofiq Yaqublu ötən il yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.