Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən 1996-cı il təvəllüdlü Vüsal Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı noyabrın 26-na təyin edilib.
Qeyd edək ki, 20 dekabr 2013-cü il tarixdə naməlum şəxs Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində yaşayan Dürdanə Museyibovanın mənzilinə pəncərəni sındıraraq daxil olub, mətbəxdən götürdüyü bıçaqla onu hədələyərək 1000 manat pulunu və mobil telefonunu götürüb.
Xəzər Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 1-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Vüsal Əkbərov həbs edilib. Məlumata görə, Dürdanə Müseyibovanın heç kimi olmayıb və tənha yaşayırmış. Vüsal Əkbərov istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib və əməlindən peşman olduğunu deyib. Məlum olub ki, Vüsal evə 2 dostu ilə girməyi planlaşdırsa da, sonradan digər şəxslər cinayətin məsuliyyətinin ağır olduğunu anlayaraq bu işə girişməyiblər. Tamahını saxlaya bilməyən Vüsal isə bu zaman Dilarə Müseybovanın mənzilinə tək girmək məcburiyyətində qalıb: “Getdim özüm tək yardım. Şüşəni sındıraraq evə girdim. Heç nə tapa bilmədim. Evdə də bir qadın yatmışdı. Məni gördü, oyananda qışqırmağa başladı. Mətbəxdəki bıçağı götürdüm, qorxutmaq istədim. Dedim pulları ver gedirəm. Çıxartdı min manat verdi. Telefon götürdüm bir dənə də. Sonra evi tərk elədim”.