Telefonla tanış olduğu qadınlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Ramil Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə R.Mirzəyevə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, R.Mirzəyev 2010-cu ildə telefon vasitəsilə tanış olduğu Vəfa Xankişiyevaya subay olduğunu deyərək onunla ailə quracağını vəd edib, sonra isə ondan fərdi ev tikdirmək adı ilə 18 000 manat pul alaraq mənimsəyib.
R.Mirzəyev 2014-cü ildə telefon vasitəsilə tanış olaraq yaxın münasibət yaratdığı Natavan Xudayarovay ilə qeyri-rəsmi ər-arvad kimi yaşayıb, guya özünün həbsdə olan evini həbsdən çıxarmaq adı ilə onun dəyəri 5500 manat olan qızıllarını mənimsəyib
Bundan başqa o, özünü «Azneft» Istehsalat Birliyinin Kadrlar İdarəsinin rəisinin sürücüsü, həmin birlikdə xadimə işləyən arvadı Aidə Tahirova isə birliyin direktorunun katibəsi kimi təqdim edərək Nail Əmirovdan onu ADNŞ-nin Kazaxıstan Respublikasındakı Neft-Qaz Çıxarma İdarəsinə takelajçı vəzifəsinə təyin etdirəcəyini vəd etməklə 3000 manat pul alıb. Eynu üsulla, Nihal Kazımovdan 5 min manat, onun dayısı oğlu Zahir Rəhimovdan 5500, N.Kazımovun dostu Şahin Əliyevdən 2600 manat pul alıb. Hər üç şəxsə onları «Azneft» İstehsalat Birliyində işə düzəldəcəyini vəd edib.