Suraxanı rayon İcra Hakimiyyəti və Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələri Hövsanda 118 saylı məktəbdə etiraz aksiyası keçirən şəxslərlə görüşüb. Lent.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, sakinlər 118 saylı məktəbin direktoru Qardaşxan Səlimovun və onun məktəbdə işləyən qızının işdən çıxarılması ilə bağlı tələb irəli sürüblər. Etirazçıların tələbini dinləyən BŞTİ nümayəndəsi bildirib ki, məsələ ilə bağlı ciddi araşdırma aparılacaq.
Qeyd edək ki, Bakının Hövsan qəsəbəsində kütləvi etiraz aksiyası keçirilir. Aksiyaya səbəb kimi 118 saylı məktəbin direktoru Qardaşxan Səlimovun məktəbdə təhsil alan şagirdlərin valideynlərini təhqir etməsi göstərilir. Bu gün səhər məktəb direktoru ilə qəsəbə sakinləri arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı qəsəbə sakini Əliyev Elmar Rəcəbəli oğlunun səhhəti pisləşib. Onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.