Daxili İşlər Nazirliyi və Baş Prokurorluq dekabrın 11-də Sumqayıt şəhərində baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, saat 20.30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Çay evi"ndə ektremist təmayüllü "Xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş verib. Nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar. Daha sonra "Çay evi"nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib. Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb, avtomat silahdan atılmış güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəyib, xəsarət alan olmayıb.
Məlumat daxil olan kimi Şəhər Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gəlib, zəruri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilmiş, maddi sübutlar götürülüb. Silahlı münaqişənin iştirakçısı olan 5 nəfər saxlanılıb. Təxirəsalınmaz tədbirlərlə daha 2 nəfər - Sumqayıt şəhər sakinləri Zaur Paşayev və Murad Məhərrəmov ölkə hüdudlarını müxtəlif istiqamətlərdən tərk etmək istərkən şübhəli şəxs qismində saxlanılıblar. Axtarılan Elçin Əkbərovun yaşadığı evə baxış zamanı 2 ədəd qumbara aşkar edilib. Xəsarət almış E.Məmmədli və E.Nəzərəliyev xəstəxanaya yerləşdirilib,vəziyyətləri qənaətbəxşdir.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisənin digər iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri davam etdirilir.