Sumqayıtda qətl törədən şəxs məcburi xəstəxanaya göndərildi
30 mart 2016 16:06 (UTC +04:00)

Sumqayıtda qətl törədən şəxs məcburi xəstəxanaya göndərildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində avtobus sürücüsünü qətlə yetirməkdə təqsirli bilinən Bəhruz Babaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə,  hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmayıb. Məhkəmə Bəhruz Babaverdiyevin ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyini nəzərə alıb və onun barəsində məcburi müalicə alması barədə qərar qəbul edib. Qərara əsasən, Bəhruz Babaverdiyev müalicə olunması üçün 1 saylı Ruhi-Əsəb Dispanserinə göndərilib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Sumqayıt şəhər sakini Səmid Ağayevin idarə etdiyi “Hyundai” markalı avtobus şəhərin 2-ci mikrorayonun ərazisində hərəkətdə olarkən sərnişini, Laçın rayon sakini Bəhruz Babaverdiyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

İdarəetmə itirildiyindən avtobus İnşaatçılar qəsəbə sakini Qürbət Əsədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusa dəyib. Səmid Ağayev xəstəxanaya aparılarkən aldığı bıçaq xəsarətindən ölüb. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəhruz Babaverdiyev tutulub.

Bəhruz Babaverdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160

Oxşar yazılar