Tanışını söyüşə görə bıçaqlamaqda təqsirləndirilən Rəşad Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Rəşad Həsənovla bağlı şərti cəza təyin edilib.
Hakim hökmü elan edən zaman bildirib ki, Rəşad Həsənovun işi üzrə zərərçəkmişlə barışıq əldə olunub. Həmçinin, Rəşadın iki azyaşlı uşağı var, onun xasiyyətnaməsi müsbət xarakterizə edilib. Buna görə Rəşad Həsənov barəsində Cinayət Məcəlləsinin 62 (sanksiyadan aşağı həddə) maddəsi və Cinayət Məcəlləsinin 70-ci (şərti cəza) maddələri tədbiq edilir.
Hökmə əsasən ona barəsində 2 il sınaq müddəti seçilməklə 2 il 6 ay cəza verilib. Rəşad Həsənov məhkəmə zalından azadlığa çıxıb.
Qeyd edək ki, hadisə bu il Yenin Suraxanı qəsəbəsində baş verib. Gədəbəy rayon sakini Rəşad Həsənov tanışı Balaxanı sakini Akif Quliyevlə mübahisə edib. Tanışlar arasında mübahisə söyüşlə nəticələnib. Bu zaman Rəşad Həsənov bıçaqla Akif Quliyevi bıçaqlayıb.
Suraxanı Polis İdarəsinin əməkdaşı tərəfindən Rəşad Həsənov həbs edilib.