Ağsuda saxta vakansiya məlumatları ilə 4 nəfərdən pul mənimsənilib.
“Azəriqaz” İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, Ağsu Regional Qaz İstismar İdarəsi adından vətəndaşlara zəng edilərək vakansiya olduğu barədə saxta məlumatlar verilib. Məlumatda qeyd olunan sürücü və çilingər vakansiyalarına 4 nəfər aldanıb. Belə ki, Ağsu rayon Kalva kənd sakinləri işə götürülmələri üçün müvafiq hesab nömrəsinə 265 manat pul köçürüblər. Regional Qaz İstismar İdarəsinə üz tutan həmin insanlara hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunub. Məlumata görə, İsmayıllı və Göyçayda da vətəndaşlara belə zənglər edilir.
“Azəriqaz” İstehsalat Birliyi saxta vakansiya məlumatlarına insanların aldanmaması üçün SOCAR-da işə qəbul prosesləri barədə məlumat verib. İstehsalat Birliyindən verilən məlumatda deyilir ki, SOCAR-da işə qəbul mərkəzləşdirilmiş qaydada baş ofisin insan resursları departamenti tərəfindən həyata keçirilir. Vakansiyalar barədə məlumat isə şirkətin rəsmi veb-səhifəsində yerləşdirilir.
Mehman Nəbiyev