Siyəzən rayonu ərazisində, Bakı-Quba magistralında baş vermiş dəhşətli qəzada ölənlərin kimliyi məlum olub. Lent.az-ın məlumatına görə, “AzSamand” markalı avtomobilin “VAZ”a çırpılması nəticəsində sükan arxasında ölən sürücünün 1983-cü il təvəllüdlü Rəsulov Davud Sənan oğlu olduğu müəyyən edilib. Həmin avtomobildə sərnişin olan və maşından düşdükdən sonra digər nəqliyyat vasitəsinin altında qalaraq ölən qadının isə 1980-ci ildə anadan olmuş İsmayılova Güldəstə Məlik qızı olduğu məlum olub.
*****
2 oktyabr
Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Siyəzən rayonunun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
99 AC 039 dövlət nömrə nişanlı"Azsamand" markalı avtomaşınla 10 UT 453 dövlət nömrə nişanlı maşın toqquşub.
Qəza nəticəsində "Azsamand" yol kənarındakı dəmir maneəyə çırpılıb. Qəza nəticəsində "Azsamand"da olanlardan biri dünyasını dəyişib. Qəzada xəsarət alanlara kömək məqsədilə "Ford" markalı maşından düşən qadın sərnişini isə yoldan keçən maşınlardan biri vurub. Orta yaşlı qadın hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb.
Qəza zamanı xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.