Şirvan əhli dünəndən bəri bəyin toyu günü etdiklərindən danışır. Dünən 21 yaşlı İlham Dəmirovun əməlini eşidənlər bu hadisəni xeyli müddət unutmayacaqlar.
Sentyabrın 9-da İlham Dəmirov intihar məqsədi ilə özünü Şirvan kollektoruna atıb. İ.Dəmirov suda boğularkən suyun kənarından keçən şəxsə qışqıraraq “görmürsən batıram, xəbər elə, məni xilas etsinlər” deyərək kömək istəyib. Həmin şəxs də polisə zəng edərək cavan oğlanın kollektorda boğulmaq üzrə olduğunu xəbər verib. Polis əraziyə gələrək İ.Dəmirovu xilas edib.
Hadisənin maraqlı tərəfi də bundan sonra məlum olub. Sudan çıxarılaraq Rayon Polis Şöbəsinə gətirilən İ.Dəmirovun ailə üzvləri müstəntiq tərəfindən dindirilməsinə imkan verməyiblər. Onlar müstəntiqə islanmış İ.Dəmirovu təcili evə aparmaq istədiklərini deyiblər. Lakin müstəntiqin İ.Dəmirovun intihara cəhd etməsi ilə bağlı ifadə verməsini tələb etməsi valideynləri hər şeyi açıqlamağa vadar edib. Onlar İlhamın az sonra toyunun başlayacağını və tez bir zamanda bəy libası geyinməli olduğunu deyiblər. Polis şöbəsindən birbaşa toyuna yollanan bəy ailə üzvlərinə əsəbindən özünü suya atdığını söyləyib.
Toydan sonra İ.Dəmirov yenidən şöbəyə gedərək ifadə verməli olacaq. (Milli.az)
*****
16.34
Sentyabrın 9-da Şirvan şəhər sakini İlham Dəmirov intihar məqsədi ilə özünü Şirvan kollektoruna atıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İlham Dəmirov sudan çıxarılıb, vəziyyəti qənaətbəxşdir.