Silahlı Qüvvələrin hərbi paradından möhtəşəm görüntülər FOTOSESSİYA
26 iyun 2013 11:37 (UTC +04:00)

Silahlı Qüvvələrin hərbi paradından möhtəşəm görüntülər FOTOSESSİYA

Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş hərbi parad başa çatıb. Hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Silahlı Qüvvələrin yüksək rütbəli nümayəndələri, xarici diplomatlar, millət vəkilləri, dövlət və hökumət rəsmiləri iştirak edib. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verib. Azərbaycan prezidenti hərbi paradda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini salamlayıb. Daha sonra Azərbaycanın dövlət himni oxunub. Azərbaycan prezidenti hərbi paradda nitq söyləyib.

 

 Azərbaycanın ikinci müstəqilliyi dövründə dördüncü olan bu paradda Müdafiə Nazirliyinin ordu birləşmələrinin, sülhməramlı qüvvələr, xüsusi təyinatlı qüvvələrin, dəniz piyadaları, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, DİN Daxili Qoşunlarının, FHN Mülki Müdafiə Qoşunlarının, MTN Akademiyasının şəxsi heyətləri, həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrinin kursantları iştirak edib. Paradla əlaqədar olaraq Hərbi Dəniz Qüvvələri və DSX Sahil Mühafizəsinin gəmiləri də Bakı buxtasında lövbər salıb.

 

Builki hərbi parad hərbi texnikaların say çoxluğu ilə fərqlənib. Paradda Müdafiə Sənayesi Nazirliyi tərəfindən Azərbaycanda istehsal olunmuş “Gürzə” patrul maşını, “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri keçid edib. Xüsusi təyinatlı qüvvələrin istifadəsində yer alan, pulemyot və tank əleyhinə idarə olunan raket kompleksləri ilə silahlandırılmış “Gürzə” maşını ilk dəfə paradda nümayiş olunub.

 

Bundan başqa, hərbi paradda “Cobra”, “Land Rover Defender”, ZPT, “Storm Sufa” tipli zirehli və zirehsiz hərbi maşınlar, “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatları keçid edib.

 

Bununla yanaşı, nəqliyyat vasitələri üzərində Azərbaycan müəssisələrində istehsal edilmiş 82 mm çaplı minaatan da nümayiş etdirilib.

 

 

Paradda “Toçka-U” operativ taktiki raketləri, müxtəlif çaplı yedəkdə daşınan haubitsalar, 120 mm çaplı İsrail istehsalı olan «Cardom» avtomatik minaatanı, 120 mm çaprı TR-122 “Sakarya”, 300 mm çaplı 9K58 “Smerç”, İsrail istehsalı olan 120 və 160 mm çaplı reaktiv atəş sistemləri, “Qvozdika”, “Pion”, “Msta-S” özüyeriyən haubitsaları, TOS-1A “Solntsepyok” reaktiv alovsaçanı, modernləşdirilmiş T-72 “Aslan”, silahlanmaya yeni daxil olmuş “T-90 C” tankları, “BMP-2” və “BMP-3” tipli piyadaların döyüş maşınları tribuna önündən keçid edib.

 

Parada Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarına məxsus modernləşdirilmiş S-125 “Peçora”, “Strela-10”, S-200, S-300 “Favorit” zenit raket kompleksləri ilə yanaşı silahlanmaya yeni daxil olmuş «Buk-MB» zenit-raket kompleksi də qatılıb.

 

Paradda Hərbi Hava Qüvvələrinin MiQ-29, Su-25, L-39 döyüş və təlim təyyarələri, Mi-24 və Mi-8/17 helikopterləri, DSX-nın Mi-35M, FHN-in Ka-32 və Mi-8 helikopterləri iştirak edib.

 

Təntənəli hərbi keçid təyyarələrin Azərbaycan bayrağının rənglərini simvolizə edən tüstü buraxaraq uçuş etməsi ilə yekunlaşıb.

# 4129
avatar

Oxşar yazılar