Sevinc Babayevanın Türkiyədə hospitallardan birində öldüyü təsdiqlənib. S.Babayevanın öldüyü bildirilən “Medicana İnternational” klinikasından Lent.az-a bildirilib ki, məsələ ilə bağlı məlumatlıdırlar: “Bizim bu məsələdən məlumatımız var və yaxın saatlarda geniş açıqlama verəcəyik”.
APA-nın Türkiyə bürosunun xəbərinə görə isə S. Babayeva dünən səhər saatlarında İstanbulun Bəylikdüzü səmtində yerləşən “Medicana İnternational” Klinikasına müraciət edib. O, bir neçə saat sonra həmin klinikada vəfat edib. Xəstəxanadan APA-nın yerli bürosuna Sevinc Babayeva adlı şəxsin vəfat etdiyini təsdiqləyiblər. Hazırda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları xəstəxanadırlar.
İstanbul polisindən isə onlara hələ də bu barədə hər hansı məlumat daxil olmadığını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayevanın dünyasını dəyişməsi haqqında məlumat dünən yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a açıqlamasında bildirib ki, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini bildirib.
Məlum cinayət işinin istintaqı ilə əlaqədar A. Məmmədovun ölkədən çıxmasına qadağa qoyulub.