Sevinc Babayeva İnterpolun axtarış şəbəkəsindən necə yayınıb
16 yanvar 2013 19:22 (UTC +04:00)

Sevinc Babayeva İnterpolun axtarış şəbəkəsindən necə yayınıb

Fuad Arı: “Səlcuq Ağlayan bir gün polis nəzarətində saxlanılıb və dindirilib”

 

“Sevinc Babayevanın ölümünün səbəbinin aydınlaşdırılması üçün ilk gündən nə lazımdırsa edilib. İlkin müşahidələr Sevinc Babayevanın ürək-damar çatışmazlığından vəfat etdiyinə işarə edirdi. Daha sonra meyit tibbi ekspertizaya göndərilib. Oradan alınacaq nəticəyə görə, ölümlə bağlı başlanmış təhqiqatın çərçivəsi ya qapanacaq, ya da genişlənəcək”.

 

 

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında İstanbulun Böyükçəkməcə rayonunun baş prokuroru Fuad Arı deyib. Baş prokurorun sözlərinə görə, Esenyurt dövlət xəstəxanasına daxil olarkən Sevinc Babayevanın üzərində heç bir sənəd olmayıb: “Türkiyə qanunlarına görə, şəxsiyyət vəsiqəsi və ya pasportun olmaması xəstənin təcili yardıma qəbul edilməməsi üçün səbəb ola bilməz. Məryəm Solmaz adını Sevinc Babayevanı xəstəxanaya aparan şəxs qeydiyyat bölməsinə deyib, ikinci xəstəxanaya da o adla göndərilib. Məryəm Solmaz adına çıxarılan hər hansı şəxsiyyət vəsiqəsi də yoxdur”.

 

 

F. Arı İnterpol axtarışında olan Sevinc Babayevanın Türkiyəyə girişinin və orda yaşamasının necə mümkün olması barədə suala cavabında deyib ki, S. Babayeva İnterpol axtarışına Türkiyəyə gələndən sonra verilib və ölkəyə girişindən sonra bir daha Türkiyəni tərk etməyib (Sevinc Babayeva Türkiyəyə sentyabrın 25-də daxil olub-red.).

 

Baş prokurorun dediyinə görə, bu səbəbdən S. Babayeva İnterpolun axtarış şəbəkəsindən yayına bilib.

 

F. Arı “Azərbaycan Baş Prokurorluğunun açıqlamasında Sevinc Babayevanı Türkiyədə Səlcuq Ağlayan adlı Türkiyə vətəndaşının himayə etdiyi bildirilir. Təhqiqatda Səlcuq Ağlayanla bağlı hər hansı addım atılıbmı” sualına cavabında bunları deyib: “Səlcuq Ağlayan bir gün polis nəzarətində saxlanılıb və dindirilib. Lakin təhqiqat aparıldığına görə, bu barədə geniş məlumat vermək istəmirəm. Hər şey tibbi-ekspertizanın rəyinə bağlıdır, əgər Sevinc Babayeva öz əcəli ilə ölübsə, onda iş qapanacaq. Tibbi-ekspertiza ölümün normal olmamasına dair raport verərsə, təhqiqat genişləndiriləcək. Bu işdə  Azərbaycanın atacağı addımlar önəmli rol oynayacaq. Ədliyyə Nazirliyimizin təlimatı ilə bu işlə bağlı lazımi məlumatlar vaxtaşırı Azərbaycanın hüquq-mühafizə orqanlarına verilir”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3445
avatar

Oxşar yazılar