Azərbaycanın Ukraynadakı səfirliyi iş adamının tapılması üçün bu ölkənin Xarici İşlər Nazirliyi vasitəsi ilə BQXK-ya müraciət edib.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, səfirliyə göndərilən rəsmi cavab məktubunda axtarışlara başlanıldığı barədə məlumat verilib.
Bu il yanvarın əvvəlində Donetsk şəhərində itkin düşən Azərbaycan vətəndaşı, əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan olan 1973-cü il təvəllüdlü Məhərrəm Məcid oğlu Əliyevin axtarışı ilə bağlı BQXK həmin bölgə üzrə nümayəndəliklərini, müvafiq qurumları təlimatlandırıb.
Eyni zamanda axtarışla bağlı iş adamının Azərbaycandakı hüquqi yaxınlarına həmin beynəlxalq təşkilatların bu ölkədəki nümayəndələri ilə sıx əlaqədə olmaq, müvafiq anketləri doldurmaq da tövsiyə olunub.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan iş adamının tapılması üçün bir müddət əvvəl Azərbaycanın Ukraynadakı səfirliyi BQXK-ya rəsmi müraciət edib.