Səbailli «Gənc Heydərçilər»in Qusardakı yay düşərgəsində istirahəti başa çatıb. Lent.az-ın məlumatına görə, növbəti layihənin Müdafiə Nazirliyinin hərbi hissəsində keçirilməsi ilə məktəblilərə hərbi sahədə daha çox biliklər və təcrübə əldə etməyə imkan verib. Hərbi hissədəki əsgər kazarmalarının birində «Gənc Heydərçilər» üçün hər cür şərait yaradılıb, burada Ümummilli lider Heydər Əliyev, Silahlı Qüvvələrin ali baş komandanı, prezident İlham Əliyev, ordu quruculuğuna, Milli Qəhrəmanlarımıza həsr olunmuş stendlər, hərbi təlimatlar asılıb. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan edilib.
Məktəblilər üçün xüsusi formalar tikilib, düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunub, onların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olub.
Məktəblilər hərbi hissədə şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, özləri də təlimlərə qatılmışlar. Yeniyetmələrə avtomatın sökülüb yığılması öyrədilib, onlar təlim prosesində maneələri dəf edib, ilk dəfə olaraq avtomat silahdan atəş açıb, hərbi texnikanın döyüşdə iştirakını müşahidə ediblər.
Uşaqların Qusar və Quba rayonlarının görməli yerlərinə, meşələrə, tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırım muzey-kompleksinə, Heydər Əliyev Mərkəzinə, Gənclər evinə gəzintiləri təşkil olunub, istirahətin 1 günü hərbi hissə tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilib.
Bağlanışdan bir gün əvvəl düşərgədə ənənəvi tonqal ətrafında uşaqlar və eləcə də hərbi hissənin şəxsi heyəti üçün tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti və nahar süfrəsi təşkil olunub.
Səbail rayon icra hakimiyyəti başçısı Asif Əsgərov, insan hüquqları üzrə müvəkkili - Ombudsman Elmira Süleymanova, Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov, müdafiə nazirliyinin əməkdaşı polkovnik-leytenant Kamran Nəsibov, «N» saylı hərbi hissənin komandir əvəzi, polkovnik-leytenant Şahin Qəhrəmanov, valideynlər və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, hərbi təlimlərdə fərqlənmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində cavabdeh olan dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim ediblər.