Mayın 21-nə keçən gecə Salyan rayonunda baş vermiş hadisə ilə bağlı bəzi məqamlar aydın olub. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, rayonun Xıdırlı kəndinin bir qrup sakininin Ələt-Astara magistralı yolunu kəsməsinə səbəb həmkəndlilərinin ölümü olub. Şöbədən bildirilib ki, dünən gecə saatlarında Xıdırlı kənd sakini 1967-ci il təvəllüdlü Ağayev Eynulla Saday oğlunun vəziyyəti pisləşib. Yaxınları dərhal 103 xidmətinə müraciət ediblər. Lakin tibbi yardım briqadası əraziyə gec çatıb. 46 yaşlı E.Ağayev keçinib. Bundan sonra bir qrup gənc hadisə yerinə gəlmiş tibbi yardım briqadasına hücum edib. Onlar təcili tibbi yardım maşınını yandırmağa cəhd göstərsələr də bu cəhdin qarşısı alınıb. Daha sonra gənclərdən ibarət qrup Ələt-Astara yoluna cəmləşib və yolu kəsiblər.
Gecə saatlarında Xıdırlı kəndinə Salyan RİH rəhbərliyi, eləcə də rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları gəlib. Emosional gənclər sakitləşdirilib.
Qeyd edək ki, hadisə şahidləri Lent.az-a ilkin məlumat kimi bildirmişdi ki, Xıdırlı kəndi yaxınlığında xeyli avtomobil yolun kəsilməsi nəticəsində magistralda qalıb. İlkin məlumatda olaya həmin yolda baş vermiş qəzanın səbəb olduğu da qeyd edilirdi.
*****
09/53
Mayın 20-də saat 23 radələrində Salyan rayonu ərazisində, Ələt-Astara magistralının Xıdırlı kəndindən keçən hissəsində yol qəzası baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, 2 minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb.
Qəzadan sonra əraziyə xeyli kənd sakini toplaşıb. Onlar yaralılara kömək etmək istəyiblər. Bu zaman onların arasında mübahisə yaranıb və bir qrup sakin Ələt-Astara magistralını bağlamağa cəhd edib. Bundan başqa, ərazidəki bir neçə maşın yandırılıb.
Hadisə yerinə gecə saatlarında polis qüvvələri cəlb edilib. Təxminən 1 saatdan çox davam edən gərginlikdən sonra yol açılıb. Magistralda 00:30-dan etibarən nəqliyyatın hərəkəti bərpa edilib. Qəzada yaralananlara zəruri tibbi yardım göstərilib.