Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq polis əməkdaşını qətlə yetirməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Vüqar Yunisovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə Vüqar elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində deyib ki, hadisədən əvvəl Vahid Əhmədovla şəxsi münasibətlər zəminində mübahisə edib. Onun sözlərinə görə, mübahisə zamanı Vahid Əhmədovu bıçaqlayıb. Yeniyetmə törətdiyi əməldən peşman olduğunu bildirib.
Bundan sonra hal şahidləri ifadə verib. Proses noyabrın 17-də davam etdiriləcək.
Qeyd edək ki, 17 yaşlı Vüqar Yunisov bu ilin mayın 6-da sabiq polis əməkdaşı Vahid Əhmədovu bıçaqlayaraq öldürüb. Hadisə rayonun 11-ci Xrebtovı küçəsində yerləşən 105 saylı evdə qeydə alınıb.
Mayın 7-də Vahid Əhmədovun meyitini kirayə qaldığı evin sahibi tapıb və dərhal hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə məlumat verib. Məlumat alan polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlib.
Araşdırmalar zamanı üç uşaq atası olan Vahid Əhmədovun bıçaqlanaraq öldürüldüyü məlum olub. V. Əhmədov hadisədən bir müddət əvvəl təqaüdə çıxıb və həmin evdə tək yaşayırmış.
Keçirilən əməliyyat nəticəsində cinayətin Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Vüqar Yunusov. tərəfindən törədilməsi müəyyən edilib və o, həbs edilib. V.Y. barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.